İQTİSADİYYAT


Azərbaycan UNESCAP-ın Nəqliyyat Komitəsinin sessiyasında təmsil olunub

Bakı, 13 noyabr, AZƏRTAC 

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat Komitəsinin 6-cı sessiyası keçirilib. Bu tədbir təşkilatın sahə üzrə ən yüksək səviyyəli iclası olaraq 2 ildə bir dəfə təşkil edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, pandemiya ilə əlaqədar builki sessiya onlayn formatda baş tutub. İki gün davam edən tədbirdə UNESCAP-ın Asiya və Sakit okean regionunda Davamlı Nəqliyyat Bağlantıları üçün Regional Fəaliyyət Planının 1-ci mərhələsinin (2017-2021-ci illər) icrası və bu sahədəki mövcud çağırışlar, eləcə də BMT-2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün nəqliyyatda transformasiya fəaliyyətinin sürətləndirilməsi və müvafiq sahədə ölkələrin təcrübələri barədə müzakirələr aparılıb. İclasda 53 üzv ölkənin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak ediblər.

Azərbaycanı tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və “Azərbaycan Dəmir Yolları” QSC təmsil edib. Sessiyanın Davamlı Nəqliyyat Bağlantıları adlı iclasında nazirliyin əməkdaşı Emil Əhmədov çıxış edib. O, ölkəmizin nəqliyyat sahəsinin inkişafı üzrə siyasəti, həyata keçirilən fəaliyyət, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan nailiyyətlər, eləcə də pandemiya dövründə regionda daşımaların davamlılığının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Sonda tədbirin yekun hesabat sənədi qəbul olunub. Yekun sənəddə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən baxılması və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün bir sıra tövsiyələr öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.