MƏDƏNİYYƏT


Azərbaycan UNESCO-da Qoşulmama Hərəkatının növbəti bəyanatını səsləndirib VİDEO

Paris, 8 sentyabr, AZƏRTAC

Qoşulmama Hərəkatının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş XVIII Zirvə toplantısında üzv dövlətlər nəsildən-nəslə ötürülən mədəni irsin dəyərliliyini təmin etmək və sülh, dözümlülük, birgəyaşayış, insan hüquqlarına hörmət aləti kimi, eləcə də xalqların kimliyini və mədəni müxtəlifliyini təşviq etmək məqsədilə qeyri-maddi mədəni irsin qorunması sahəsində beynəlxalq ictimaiyyətə mühüm töhfə olan 2003-cü il Konvensiyasına sadiq olduqlarını bir daha təsdiqlədilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNESCO yanında Azərbaycan daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayevin Parisdə UNESCO-nun baş qərargahında “Qeyri-maddi mədəni irsin qorunması” üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 8-ci sessiyasında UNESCO yanında Qoşulmama Hərəkatı qrupunun adından səsləndirdiyi bəyanatda qeyd olunub.

O, Konvensiyanın həyata keçirilməsinin daha da inkişaf etdirilməsində yorulmadan göstərdiyi səylərə və bir çoxunun da Qoşulmama Hərəkatının üzvü olan çoxsaylı ölkələr tərəfindən ratifikasiyasına nail olmasına görə Konvensiya katibliyinə minnətdarlığını ifadə edərək deyib: “Konvensiya Katibliyinin və UNESCO-nun Mədəniyyət sektorunun qeyri-maddi mədəni irsin icmaların rifahına verdiyi töhfələri nəzərə alaraq, COVID-19 pandemiyası səbəbindən yaranmış sanitar böhran, karantin və iqtisadi durğunluq kimi çağırışlar qarşısında təcili cavab vermək üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. İnanırıq ki, qeyri-maddi mədəni irs əhalinin vəziyyətinin bərpasını dəstəkləməyi və davamlı inkişaf hədəflərinə çatmağı daha da təşviq etmək üçün son dərəcə dəyərli mənbə olacaq”.

Ayaz Qocayev vurğulayıb ki, dünyanın üzləşdiyi mövcud çətinliklər - silahlı münaqişələr, məcburi köçkünlər və təbii fəlakətlər də daxil olmaqla, fövqəladə hallar şəraiti UNESCO qarşısında qeyri-maddi mədəni irsin qorunmasına verilən cavabları sürətləndirmək səylərini ikiqat artırmaq zərurətini yaradır. Bu baxımdan Konvensiya Katibliyinin Baş Assambleyanın 8-ci sessiyasında müzakirə ediləcək xüsusi təlimatların və əlverişli şərtlərin hazırlanması üzrə gördüyü işlər yüksək qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, UNESCO yanında Qoşulmama Hərəkatı qrupu Hökumətlərarası Komitə və Katiblik tərəfindən Konvensiyanın həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu və həmçinin Konvensiya daxilində qeydiyyat mexanizmlərində mümkün islahatlara dair irəli sürdüyü fikirləri alqışlayır. Qoşulmama Hərəkatı qrupunun üzvləri bu fikirlərin Konvensiyanın ruhunu və prinsiplərini inkişaf etdirməyə kömək edəcəyinə, dialoqa töhfə verəcəyinə və Konvensiyanın milli və beynəlxalq səviyyədə həyata keçirilməsində icmaların və icma təşkilatlarının iştirakı imkanlarını genişləndirəcəyini düşünürlər.

Qeyd edilməlidir ki, UNESCO yanında Qoşulmama Hərəkatı qrupunun bəyanatları bundan əvvəl, yalnız UNESCO İcraiyyə Şurasının sessiyalarında səsləndirilirdi. UNESCO yanında Qoşulmama Hərəkatı qrupuna sədrlik edən Daimi nümayəndəliyimizin təşəbbüsü və qrup üzvlərinin razılığı ilə Hərəkatın fəaliyyətini daha da genişləndirmək məqsədilə bu cür bəyanatların UNESCO ilə əlaqəli digər hökumətlərarası qurumların iclaslarında da səsləndirmək qərara alınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.