MƏDƏNİYYƏT


Azərbaycan UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin sessiyasında təmsil olunur

Paris, 11 dekabr, AZƏRTAC

Kolumbiya Respublikasının paytaxtı Boqota şəhərində UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyası keçirilir. Komitənin 14-cü sessiyasında 138 ölkədən 1400-dən çox nümayəndə iştirak edir.

AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov və Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov təmsil edirlər.

Sessiyada komitə və katibliyin təqdim etdiyi, həmçinin müvafiq siyahılara daxil edilmiş qeyri-maddi irs nümunələrinin cari vəziyyəti ilə bağlı hesabatlar dinlənilib və dövrü hesabat mexanizminin formalaşdırılması, təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil ediləcək 6 nominasiya ilə bağlı müzakirələr aparılıb.

Həmçinin sessiyada Konvensiya siyahılarına daxil edilmiş irs nümunələrinin qorunmasının davamlılığının təmin edilməsi, 2020-ci il üzrə Məsləhət Qurumunun yaradılması, 2003-cü il Konvensiyasının tətbiqi məsələlərinin, Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi məqsədilə müxtəlif ölkələr tərəfindən Komitəyə təqdim olunmuş 42 nominasiyanın, 3 beynəlxalq yardım xahişinin və gündəlikdə duran digər məsələlərin müzakirəsi gözlənilir.

Xatırladaq ki, Azərbaycan 2018-ci ilin iyunundan etibarən UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin üzvüdür və qurumun işində fəal iştirak edir.

UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyası öz işini dekabrın 14-dək davam etdirəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Boqota

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.