İQTİSADİYYAT


Azərbaycan-Ukrayna iqtisadi əlaqələri müzakirə edilib

Kiyev, 22 iyun, AZƏRTAC

Ukraynada səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Kiyevdə Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub, gül dəstələri düzüb.

AZƏRTAC xəbər verir ki, Ukrayna Nazirlər Kabinetində bu ölkənin Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə olunur. Belə ki, 2017-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə, bu ilin 4 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. İndiyədək Azərbaycan tərəfindən Ukrayna iqtisadiyyatına 362 milyon dollar, Ukrayna tərəfindən isə Azərbaycanın qeyri-neft sektoruna 25 milyon dollar investisiya yatırılıb. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və s. sahələrdə 150-yə yaxın Ukrayna kapitallı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, iqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan məhsullarının Ukraynaya ixracının artırılması, kənd təsərrüfatı, Azərbaycanın tranzit imkanlarından istifadə, sənayenin əczaçılıq, kimya, maşınqayırma, qida məhsulları, tikinti materiallarının istehsalı sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ukrayna iş adamları Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra bilər.

Azərbaycan nümayəndə heyətinin Ukraynaya səfəri zamanı Kiyevdə Azərbaycan Ticarət Evinin açılacağını vurğulayan nazir Şahin Mustafayev ticarət evinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsində, biznes təşəbbüslərinin stimullaşdırılmasında və Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi ilə Ukrayna bazarında təşviqində önəmli olacağını qeyd edib.

Ukrayna Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, son zamanlar ticarət əlaqələrinin daha da genişləndiyini qeyd edib, iqtisadi əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bölüşüb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.