REGİONLAR
Azərbaycan Ulu Öndərin yenilməz iradəsi sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoyub
Beyləqan, 9 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev daim Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə yaşamış, Azərbaycanın ən çətin vaxtlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Ulu Öndərin xilas etdiyi, qurub-yaratdığı Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova tədbirdə çıxış edərək, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Bildirib ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr edən Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaradıb. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoyub, müstəqilliyimiz dönməz xarakter alıb.
Sonra "Tarix yazan şəxsiyyət" adlı sənədli film nümayiş etdirilib. Mərkəzin əməkdaşı Mədinə Rzayeva tərəfindən ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verilib.