ELM VƏ TƏHSİL
Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzində 620 nəfərə xidmət göstərilib
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzində iyulun 24-dən avqustun 6-dək 620 abituriyentə məsləhət xidməti və texniki dəstək göstərilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, özlərinin iştirakı ilə 322 abituriyentin ərizəsi təsdiqlənib. Mərkəzə müraciət edənlər arasında ali məktəblərə və 9 illik bazada orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərlə yanaşı, valideynlər və subbakalavrlar da olub.
Həmçinin 440 vətəndaşa telefonda məlumat xidməti göstərilib. Qəbul prosesi və ixtisas seçimi ilə bağlı elektron poçt vasitəsilə daxil olan məktublar və Azərbaycan Universitetinin rəsmi “Facebook” səhifəsinə edilən müraciətlər də cavablandırılıb. Mərkəzin fəaliyyəti mediada geniş işıqlandırılıb.
Qeyd edək ki, Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini sentyabrın 4-dək davam etdirəcək. Avqustun 15-dən 19-dək ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi, yenə həmin tarixlərdə 11 illik bazada orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi olacaq. Doqquz illik bazada orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 27–dən sentyabrın 2-dək, 11 illik bazada orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi isə avqustun 30–dan sentyabrın 4-dək olacaq.
İxtisas seçimi edəcək abituriyentlər yuxarıda qeyd olunmuş tarixlərdə Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz, Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılıb və artıq 2 ildir ki, fəaliyyət göstərir.
Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında kömək və məsləhət xidməti göstərirlər.
Mərkəz həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71
Tel.: (+994 12) 431 41 12 (172), 055 220 40 58