ELM VƏ TƏHSİL
Azərbaycan Universiteti “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başladı
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Universitetində dünyanın ən geniş onlayn beynəlxalq elmi tədqiqatlar və nəşrlər bazası olan “EBSCO” xidmətlərinin təqdimatı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, təqdimatı eİFL.net Beynəlxalq Konsorsiumunun milli əlaqələndiricisi və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun respublika üzrə əlaqələndiricisi Cəmilə Yusifova aparıb.
İştirakçılara bazanın informasiya həcmi və xidmətləri haqqında məlumat verilib, elektron resurslarından istifadə qaydaları, axtarış sisteminin iş prinsipləri, axtarışın asanlaşdırılması yolları nümayiş olunub. Bildirilib ki, Azərbaycan Universiteti artıq “EBSCO”ya abunədir və ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri bazadan sərbəst şəkildə istifadə edə bilir.
Qeyd edək ki, “EBSCO” aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. 1944-cü ildə ABŞ-da fəaliyyətə başlayan şirkət dünyanın müxtəlif yerlərindən nəşrlərin elektron variantlarını oxuculara təqdim edir. Minlərlə elektron jurnal, qəzet və məqalələrə çıxış imkanı yaradan EBSCO-da olan məlumat bazası əsasən ingilis dilindədir.