ELM VƏ TƏHSİL


Azərbaycan Universiteti Türkiyənin Kırklareli Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 12 iyun, AZƏRTAC 

Beynəlxalq əlaqələrin genişləndirilməsini və mübadilə proqramlarında iştirakı daim diqqətdə saxlayan Azərbaycan Universiteti “Mövlanə” və “Erasmus+” mübadilə proqramları çərçivəsində əməkdaşlıq etdiyi ali məktəblərinin şəbəkəsini genişləndirir. Türkiyənin Kırklareli Universiteti ilə bu ali məktəb arasında akademik əməkdaşlıq və mübadiləyə dair razılaşma protokolu imzalanıb.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildiriblər ki, sənədi bu ali məktəbin rektoru Səadət Əliyeva və Kırklareli Universitetinin rektoru, professor Bülent Şengörür imzalayıblar.

Sənəd Azərbaycan Universitetinin tələbələrinə Türkiyənin daha bir ali təhsil müəssisəsində “Mövlanə” və Erasmus+” mübadilə proqramları çərçivəsində bir və ya iki semestr təhsil almaq imkanı yaradır. Universitetin müəllimləri də bu ali məktəbin tədris prosesində iştirak edə biləcəklər. Eyni zamanda, qardaş ölkənin ali məktəbinin tələbə və müəllimləri də bu proqramlar çərçivəsində Azərbaycan Universitetində təhsil almaq və tədris prosesində iştirak hüququ əldə ediblər.

“Mövlanə” mübadilə proqramı Türkiyənin ali təhsil qurumları ilə dünyanın digər ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirir. “Erasmus+” mübadilə proqramı isə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Hər iki proqramla bağlı əlaqələndiricilik məsələləri universitetin beynəlxalq əlaqələr şöbəsi tərəfindən icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.