ELM VƏ TƏHSİL


Azərbaycan Universitetində “Bacarıqlar əngəlsizdir!” adlı tədbir keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC 

Azərbaycan Universitetində Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Bacarıqlar əngəlsizdir!” adlı tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva 1992-ci ildən BMT-nin təşəbbüsü ilə dekabrın 3-nün Beynəlxalq Əlillər Günü kimi qeyd olunduğunu söyləyib. Qeyd olunub ki, məqsəd insanları cəmiyyətin müxtəlif təbəqələrində və inkişafın bütün mərhələlərində əlilliyi olan şəxslərin hüquqlarının qorunması və təşviq edilməsi, siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində onların vəziyyəti haqqında maarifləndirmək və problemə diqqət çəkməkdir. Bildirilib ki, 2018-ci il üçün bu günün mövzusu “Əlilliyi olan şəxslərin gücləndirilməsi, onların inklüzivliyinin və bərabərliyinin təminatı” kimi seçilib.

Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov komitənin yaranma tarixi, fəaliyyəti və nailiyyətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizdə əlilliyi olan şəxslər istənilən sahədə özlərini doğrulda bilirlər. İdman bu sahələrdən birincisi hesab olunur. Paralimpiyaçıların uğurlarından bəhs edən İlqar Rəhimov əlilliyi olan şəxsləri diqqət mərkəzində saxladığına görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

“Dance Ability Azerbaijan” təşkilatının sədri Nigar Sultanova isə “İnteqrasiyalı rəqs və onun fəlsəfəsi” mövzusunda çıxış edib. Qeyd edib ki, rəqsin məqsədi əqli və fiziki imkanlardakı fərqlərdən asılı olmayaraq hər kəsin cəmiyyətin bərabərhüquqlu üzvü olduğunu göstərməkdir.

Tədbirdə Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov, komitənin baş katibi Kamal Məmmədov və Əlil Velosipedçilər Klubunun sədri Amid Həsənquliyev də iştirak ediblər. Tədbiri Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və heyət izləyib.

Daha sonra qonaqlar və tədbir iştirakçıları “Dance Ability Azerbaijan” təşkilatının üzvləri, rəqqaslar, əlilliyi olan şəxslər və Azərbaycan Universitetinin tələbələrinin birgə inteqrasiyalı rəqsini izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.