ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində Dövlət Müstəqilliyi Günü qeyd edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Universitetində 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizin 27 illik müstəqillik yoluna nəzər salınıb, müasir və müstəqil Azərbaycanın 1918-ci il mayın 28-də qurulan, müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu diqqətə çatdırılıb.
Ali məktəbin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov 2018-ci ilin ölkəmiz üçün əlamətdar tarixi hadisələrlə zəngin olduğunu bildirib. Vurğulayıb ki, bu hadisələri qeyd etmək hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi doğurmalıdır.
Prorektor deyib: “Bu il 100 illik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın genetik yaddaşında dərin izlər qoyub. Bu izlər keçən əsrin 80-ci illərinin axırlarında Sovet İttifaqı süqut edən zaman müstəqilliyin bərpası prosesində Azərbaycan xalqının mənəvi güc mənbəyi olub. 1918-ci ildə Cümhuriyyət qurulmasaydı, 1991-ci ildə Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməyəcək, Azərbaycan dövlət müstəqilliyini bərpa edə bilməyəcəkdi”.
İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev 1980-ci illərin axırlarında respublikadakı ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiası və nəticələri, 1988-ci ildə başlayan milli azadlıq hərəkatı və sovet imperiyasının bu oyanışı boğmaq cəhdləri, ölkəmizin XX əsrdə ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etməsi və digər məsələlər haqqında danışıb. Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək də bir o qədər ağır və mürəkkəbdir” sözlərini xatırladan Qabil Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın dünyada öz sözünü deyə bilən, regionda isə ən güclü dövlətə çevrildiyini vurğulayıb.
Sonra Tələbə Gənclər Təşkilatının üzvləri, humanitar fənlər fakültəsinin tələbələri Aytəkin Kərimova, İmran Məhəmmədov, Günay Nəcəfova, Aytac Mərdanova, biznes və iqtisadiyyat fakültəsinin tələbəsi Rifat Əliyev tərəfindən Azərbaycana həsr olunan məruzələr söylənilib, şeir və mahnılar səsləndirilib.