ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində “İrs” jurnalının təqdimatı olub
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Universitetində “İrs” beynəlxalq jurnalının və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap olunan kitabların təqdimatı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rektor Səadət Əliyeva xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, milli-mədəni irs nümunələrinin təbliğində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “İrs” jurnalının və “Paşa Həyat Sığorta” ASC-nin fəaliyyətini yüksək qiymətləndirib. Səadət Əliyeva qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsində bu istiqamətdə aparılan işlər haqqında məlumat verib və mədəni irsimizin, dəyərlərimizin təbliğinin hər bir azərbaycanlının mənəvi borcu olduğunu söyləyib.
“İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlı Azərbaycan tarixinin və mədəniyyətinin beynəlxalq miqyasda təbliğ olunmasının əhəmiyyətindən danışıb. “İrs” jurnalının fəaliyyəti haqqında məlumat verən baş redaktor bildirib ki, 16 dildə və 70 ölkədə yayılan jurnalın ümumi tirajı 100 min nüsxədir, auditoriyası isə xarici ölkələrdə fəaliyyət göstərən elm və tədqiqat mərkəzləridir. Məqsəd Azərbaycanın milli–mədəni mirasını həmin xalqların dillərində təqdim etməkdir.
M.Mərcanlı jurnalda yer alan yazıların kitab şəklinə salınması ideyasının həyata keçirilməsində “Paşa Həyat Sığorta” tərəfindən böyük dəstək göstərildiyini və bu istiqamətdə indiyə qədər 10-a yaxın nəfis tərtibatlı kitabın nəşr olunduğunu bildirib.
Baş redaktor çıxışında universitetin professor-müəllim heyətini və tələbələrini jurnal ilə əməkdaşlığa dəvət edib və digər ali təhsil müəssisələrində də bu tipli görüşlərin keçiriləcəyini diqqətə çatdırıb.
“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə geniş auditoriyaya tanıdılmasında həyata keçirilən layihələrə böyük qürur hissi ilə dəstək olduqlarını bildirib. O, bu istiqamətdə çap olunan “Qədim qalanın yuxuları”, “Bakı simfoniyası”, “Qobustan – minilliklərin kitabı”, “Təbrizin sehrli nağılları”, “Məftun edən şəhər”, “Naxçıvan – Şərqin əfsanəsi” və bu kimi digər kitablar haqqında məlumat verib. O, “Qarabağ - əsrlərin salnaməsi” kitabının nəşrinin informasiya müharibəsində əldə etdiyimiz qələbələrdən biri olduğunu bildirib. Qeyd edilib ki, kitabda Qarabağ haqqında dolğun məlumat öz əksini tapıb və kitab Qarabağ həqiqətlərini dəqiq faktlarla dünyaya yayır.
Sonra "İrs" jurnalının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda “İrs” jurnalının 100-ə yaxın nömrəsi və 9 adda 260 nüsxə kitab universitetin elmi kitabxanasına hədiyyə olunub.