ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində “Kağız qəbir” filminin nümayişi olub
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Universitetində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilən və Xocalı soyqırımına həsr olunan “Kağız qəbir” filminin nümayişi olub.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Azərbaycanın dövlət himni səsləndirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki,tədbir çərçivəsində Azərbaycan Universiteti ilə İLESAM arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən tərəflər elmi, bədii əsərlərin tərcüməsi, çap olunması, konfrans və simpoziumların təşkili, alimlərin, yazıçıların imza və kitab təqdimatı günlərinin keçirilməsi və digər maraqlı sahələr üzrə əməkdaşlıq edəcəklər.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva 26 il bundan əvvəl Xocalıda Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını pozaraq dinc və günahsız əhaliyə xüsusi amansızlıqla divan tutduğunu söyləyib.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində görülmüş məqsədyönlü və genişmiqyaslı işlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində faciə ilə bağlı müvafiq qərarlar qəbul edilib. Azərbaycan dövləti dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması və faciənin beynəlxalq səviyyədə anılmasını təmin etmək məqsədilə çoxlu iş görüb. Amma belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələlik hüquqi qiymətini almayıb, heç kəs bu soyqırımı aktı ilə bağlı beynəlxalq məhkəmə qarşısında cavab verməyib.
Rektor qeyd edib ki, beynəlxalq ictimaiyyətin Xocalıda baş verənləri bəşəri cinayət kimi qəbul etməsi üçün bədii söz də böyük əhəmiyyət daşıyır. “Kağız qəbir” filminin də bu baxımdan özünəməxsus yeri var.
AYB-nin mətbuat katibi Xəyal Rza qeyd edib ki, janr baxımından Azərbaycanda ilk olan film hadisə zamanı girov götürülən və taleyi bu günədək məlum olmayan 150 nəfər haqqındadır. Tamaşaçı soyqırımı gecəsi baş verən dəhşəti və onların taleyini sonradan çəkilən kadrlar kimi yox, hadisələrin içində olan baş qəhrəmanın əlindəki kameranın obyektivindən izləyəcək.
İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız bildirib ki, film “kar və kor” dünyaya bir çağrışdır. Məqsəd ermənilərin yüz ildir ki, davam edən soyqırımı yalanını ifşa etmək və əsl soyqırımının 26 il əvvəl dünyanın gözü önündə Xocalı şəhərində törədildiyini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmdə baş rolları Anar Əliyev və Leyla Babayeva ifa ediblər. Filmin çəkilişləri Qubanın İkinci Nügədi kəndində aparılıb.