ELM VƏ TƏHSİL


Azərbaycan Universitetində Türkiyəli ifaçı ilə görüş olub

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Universitetində türkiyəli müğənni, türk sənət musiqisi ifaçısı, “Nevasel” Türk Musiqi Cəmiyyətinin bədii rəhbəri və solisti Aylin Şengün Taşçı ilə görüş olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Aylin Şengün Taşçı Azərbaycana səfərinin məqsədi haqqında məlumat verib, ölkəmizdə olmaqdan qürur hissi duyduğunu deyib. Qonaq Bakıya ilk səfərini 20 Yanvar hadisələrindən dərhal sonra etdiyini bildirib, 1990-cı ilin Bakısı ilə bağlı xatirələrini bölüşüb. Aylin Şengün Taşçı o dövrdə jurnalist fəaliyyəti ilə məşğul olduğunu və Azərbaycanın haqq səsini mətbuat vasitəsilə Türkiyəyə və dünyaya çatdırdığını qeyd edib. Qonaq aradan keçən illər ərzində Azərbaycanın hərtərəfli inkişafının şahidi olduğunu və ölkəmizin əldə etdiyi uğurları böyük fəxarətlə izlədiyini bildirib.

Türkiyəli qonaq tədbirdə ifa etdiyi musiqi növü və rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti haqqında da məlumat verib. Azərbaycan musiqisini sevdiyini və repertuarına daxil etdiyini bildirən Aylin Şengün Taşçı “Çırpınırdın, Qara dəniz” və “Nazəndə sevgilim” mahnılarını canlı ifa edib.

Tədbirdə Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafı haqqında da danışılıb, qonaq universitet kollektivinin ona ünvanlanan suallarını cavablandırıb.

Qeyd edək ki, klassik türk musiqisinin sevilən nümayəndələrindən olan Aylin Şengün Taşçı rəhbərlik etdiyi musiqi cəmiyyətinin 50-yə yaxın üzvü ilə birlikdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Respublika Gününə həsr olunan konsert proqramı ilə çıxış etmək üçün ölkəmizə gəlib. Politologiya və beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru olan Aylin Şengün Taşçı elmi-pedaqoji fəaliyyət də göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.