ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində dəyirmi masa: “Autizmli şəxslərin sosial adaptasiyası”
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Universitetində Autizm Maarifləndirmə ayına həsr edilmiş “Autizmli şəxslərin sosial adaptasiyası” mövzusunda dəyirmi masa təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbiri sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva açaraq 2008-ci ildən etibarən BMT-nin təşəbbüsü ilə aprel ayının dünyada Autizm Maarifləndirmə ayı, aprelin 2-sinin isə Autizm Maarifləndirmə Günü kimi qeyd olunduğunu söyləyib. Məqsəd insanları autizm haqqında maarifləndirmək və problemə diqqət çəkməkdən ibarətdir.
Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova autizmin rəngi və “Göy işıq yandır” layihəsi haqqında məlumat verib. Bildirib ki, 2010-cu ildən etibarən hər il nüfuzlu autizm tədqiqat və təhsil təşkilatı olan “Autism Speaks” (“Autizm danışır”) təşkilatının təşəbbüsü ilə dünyada məşhur abidələr və görkəmli yerlər də aprelin 2-də mavi rəngdə işıqlandırılır.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Şahin Əliyev autizmli şəxslərin sosial adaptasiyasında psixoloq xidmətinin rolu, loqoped Mina Abdullayeva isə autizmli insanların sosial adaptasiyasında loqoped xidmətinin rolu mövzularında çıxış ediblər.
Azərbaycan Universitetinin tələbəsi Rahid Qaraşlı autizmli şəxslərin sosial adaptasiya problemləri barədə təqdimatla çıxış edib. Nurlan Vəlizadə isə autizm haqqında ingilis dilində məlumat verib.
Sosial işin təşkili və xarici dillər kafedralarının təşkilatçılığı ilə keçirilən tədbirdə əməkdar artist Tünzalə Ağayevanın autizmli uşaqlara həsr etdiyi “Fərqliyəm” videoklipi nümayiş olunub.