ELM VƏ TƏHSİL


Azərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilib

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Universitetində gənc tədqiqatçıların II respublika elmi konfransı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransda Bakı, Naxçıvan və regionlarda fəaliyyət göstərən 44 təhsil müəssisəsi, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçılar əldə etdikləri elmi yeniliklərlə bağlı fikir mübadiləsi aparıblar.

Əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ümummilli liderin büstünün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən rektor Səadət Əliyeva qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bunu zəruri edən bir sıra amillər vardır. Prezident İlham Əliyev Azərbaycanda neft ixracına əsaslanan iqtisadiyyatdan insan kapitalına və texnologiyalara əsaslanan iqtisadiyyata keçid strategiyasını bəyan edib. Ölkəmizdə yeni innovativ texnologiyalara əsaslanan sənaye sahələrinin qurulmasını nəzərdə tutan bu strategiyanın uğurla yerinə yetirilməsi innovativ biliklərə malik insan kapitalının yaradılmasından asılıdır. Bu kapital isə məktəb, universitet, auditoriya, seminar və konfranslarda formalaşır. Gənclərin elmi-tədqiqat fəaliyyətinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlər gələcəyin etibarlı təminatı olan intellektual səviyyəli, müasir biliklərə malik kadrların yetişdirilməsinə xidmət etməlidir.

Səadət Əliyeva deyib: “Ölkəmizdə hər il fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması, həmin gün müxtəlif sahələr üzrə uğur qazanmış gənclərin ölkə rəhbərinin müvafiq Sərəncamı ilə mükafatlandırılması, tələbə, magistrant və doktorantların təqaüdlərinin artırılması, onların sosial problemlərinin həlli istiqamətində ciddi addımların atılması artıq öz nəticələrini verir. Sevindirici haldır ki, elmi fəaliyyətlə məşğul olmağa qərar verən, özünün gələcəyini bu fəaliyyət sahəsində görən gənclərimizin sayı ildən-ilə artır. Bunu nəzərə alan Azərbaycan Universiteti gəncləri yeniliklərə, innovasiyalara, yeni texnologiyalara yönəltmək istiqamətində fəaliyyət göstərir. Bu gün təşkil edilən gənc tədqiqatçıların II respublika elmi konfransı da məhz bu fəaliyyətin tərkib hissəsidir. İnanıram ki, Azərbaycan Universitetində təşkil olunmuş konfranslar sizlərin gələcəkdə ciddi tədqiqatçı alimlər kimi yetişməyinizdə əhəmiyyətli rol oynayacaq. Çünki hər bir elmi konfrans əldə olunmuş elmi nəticələrinizi təqdim etmək üçün yeni imkan deməkdir”.

Rektor iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb.

AMEA-nın Tarix İnstitutunun Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, Ali Attestasiya Komissiyası təbiət elmləri şöbəsinin müdir müavini, fizika elmləri doktoru Sakin Cabarov, Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Xədicə Cəfərova çıxış edərək elmi konfranslarda iştirakın əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin yalnız gənc tədqiqatçıların deyil, bütün alimlərin laboratoriyalarda əldə etdikləri nəticə və yenilikləri ictimaiyyətə çatdıra bilmələrində əvəzedilməz platforma olduğunu bildiriblər.

Çıxış edənlər gənc tədqiqatçıları Azərbaycan elminin dünya reytinqində yüksəlməsinə töhfə verməyə səsləyiblər.

Sonra konfrans işini tarix və hüquq, filologiya-ədəbiyyat, filologiya–dilçilik, iqtisadiyyat, sosiologiya, riyaziyyat, fizika və İKT, tədris metodikası olmaqla 7 bölmədə davam etdirib.

Tədbirin bağlanış mərasimində elmi işlər üzrə prorektor, professor Yusif Qasımov elmi fəaliyyətlə məşğul olmağı özünə peşə və həyat tərzi seçdikləri, əldə etdikləri nəticə və yenilikləri Azərbaycan Universiteti tərəfindən təşkil olunan konfransa təqdim etdikləri üçün iştirakçılara minnətdarlığını bildirib. Qeyd edib ki, konfransa 300-dən çox məqalə təqdim olunub, onlardan 228-i qəbul edilib, gün ərzində bölmələrdə isə 120-dən çox məruzə dinlənilib.

Prorektor deyib: “Bizim tədbiri dəyərli edən sizin məruzələrinizdir. Təqdim etdiyiniz məqalələr müsbət rəy aldığı üçün sizi təbrik edirəm. Konfransın bölmələrində iştirak edən gənc tədqiqatçılar arasından elmi mühit üçün dəyərli alimlərin yetişəcəyinə inanıram”.

Sonda tədbirin istiqamətləri üzrə ən yaxşı elmi tədqiqat işlərinin müəllifləri xüsusi sertifikatlarla mükafatlandırılıb.

Konfrans materialları toplu şəklində çap olunub və iştirakçılara təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.