ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Universitetin tədris binasının foyesində Ulu Öndərin büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin hər iki dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisi, dövlət quruculuğu, müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi, dövlətimizin beynəlxalq nüfuzunun gücləndirilməsi sahəsində gördüyü işlərə nəzər salınıb. Qeyd olunub ki, müasir və müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Azərbaycanın ən yeni tarixinin uğurları və inkişafı onun adı ilə birbaşa bağlıdır.
Sonra tanınmış jurnalist, professor Etibar Babayev görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Etibar Babayevin Ümummilli Liderə həsr etdiyi “Zirvə” adlı müəllif proqramı nümayiş etdirilib.