ELM VƏ TƏHSİL


Azərbaycan Universitetində yeni tədris ili başlandı

Bakı, 16 sentyabr, AZƏRTAC 

Azərbaycan Universitetində 2019/2020-ci tədris ilinin başlanmasına həsr olunan tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Səadət Əliyeva tələbələri və kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, rəhbərlik etdiyi ali məktəbin tələbələr üçün yaratdığı imkanlar haqqında məlumat verib. Rektor birinci kursa başlayan tələbələrin həyatında yeni bir mərhələ başladığını vurğulayaraq tələbəlik illərini səmərəli keçirmələri üçün onlara tövsiyələrini verib.

Səadət Əliyeva bildirib ki, Azərbaycan Universiteti elm və texnologiyaya əsaslanan güclü infrastruktura malikdir. İyirmi səkkiz illik tarixi olan universitet elm və təhsilin inkişafı istiqamətində qətiyyətli addımlar atır. Ali təhsilin hər üç pilləsində kadr hazırlığı aparılır. Güclü və geniş beynəlxalq əlaqələrə malik universitet istedadlı və yüksək göstəricilərə nail olan tələbələrə təhsillərinin müəyyən hissəsini xarici tərəfdaş universitetlərdə oxumağa imkan yaradır. Tələbələr dörd ilin sonunda qəbul olduqları ixtisasın diplomu ilə yanaşı, ikinci ixtisas üzrə əlavə təhsil alaraq ikinci diplom, eyni zamanda, beynəlxalq dil və kompüter sertifikatı da ala biləcəklər.

Elmi işlər üzrə prorektor, professor Yusif Qasımov, ictimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev Azərbaycan Universitetini seçdikləri üçün tələbələrə təşəkkür edib, kollektivin bu etimadı doğrultmaq üçün çalışacağını, ali məktəbin tələbələrə təkcə kitabxana, auditoriya, laboratoriya, imtahan deyil, həm də fəal tələbə həyatı vəd etdiyini bildiriblər.

Sonda universitetə ən yüksək balla qəbul olunanlara tələbə biletləri və ictimai nəqliyyatda birillik gediş haqqı ilə təmin edən elektron kartlar təqdim olunub.

Digər tələbələrin tələbə biletləri isə dekanlar tərəfindən təqdim edilib.

2019/2020-ci tədris ilində Azərbaycan Universitetinə ən yüksək balla qəbul olan tələbə Zivər Məmmədova Şəhid Fəxrəddin Qurbanlı təqaüdünü də alacaq. Zivər Məmmədova tərcümə (ingilis dili) ixtisası üzrə təhsil alır.

Qeyd edək ki, bakalavriat pilləsində bu il 3 fakültə və 15 ixtisas, magistratura pilləsində isə 8 ixtisas və 17 ixtisaslaşma üzrə qəbul aparılıb. Tələbə qəbulunun həm keyfiyyət, həm də kəmiyyət rəqəmlərində bu il də yüksək göstəricilərə nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.