ELM VƏ TƏHSİL
Azərbaycan Universitetinin kollektivi cəbhə bölgəsinə səfər edib
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsinin üçüncü dayanacağı böyük bir hissəsi işğal altında olan Füzuli rayonunun 3 nömrəli Zobucuq qəsəbəsinin 33 nömrəli tam orta məktəbi olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, cəbhə bölgəsinə səfər, eyni zamanda, müasir hərb tariximizin ən böyük qələbələrindən biri olan Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə təşkil olunub. Universitetin rektoru Səadət Əliyeva başda olmaqla ali məktəbin bir qrup əməkdaşı və tələbələri məktəblə tanış olub, dərslərdə iştirak ediblər.
Gün ərzində 9, 10 və 11-ci sinif şagirdlərinə Azərbaycan dili, ədəbiyyat, ingilis dili, tarix və informatika fənlərindən dərsləri tələbələr Nigar Rəhimova, Hüriyyə Səlimova, Pənah Piralıyev, Ruslan Ağakişiyev, Fəranə Mikayılova, Sarvan Əliyev, Xəyal İsmayılov və Rövşən Saatov keçiblər. Dərslər proyektorlar vasitəsilə slaydlarla tədris olunub.
Universitet tərəfindən məktəbə masaüstü kompüter dəsti, kitabxanaya bədii ədəbiyyat və dərslik daxil olmaqla 60 kitab hədiyyə olunub. Məktəbin birinci sinif şagirdləri də unudulmayıb. Otuza yaxın birinci sinif şagirdinə ali məktəbin xüsusi hədiyyələri təqdim olunub. Orta məktəbin rəhbərliyi tələbələrin hazırlıq və dərskeçmə metodologiyasından məmnuniyyətini ifadə edib, tələbələrə Qarabağ müharibəsi zamanı Füzuli rayonu ərazisində gedən ağır döyüşlər, rayona dəyən iqtisadi ziyan, işğalın ətraf mühitə, təbii sərvətlərə və tarixi abidələrə dağıdıcı təsiri, rayonun milli qəhrəmanları və şəhidləri haqqında məlumat verib.
Məktəblə tanışlıqdan sonra universitetin kollektivi rayon təhsil şöbəsinin əməkdaşları ilə birlikdə 1994-cü ildə işğaldan azad edilmiş Horadiz şəhərində olub. Onlar şəhərin girişində yerləşən və 10 hektar ərazidə salınan Bayraq meydanını gəziblər. Burada universitet əməkdaşlarına Horadiz şəhərində, işğaldan azad edilmiş kənd və qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri, genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında məlumat verilib, 2016-cı il aprel ayının ilk günlərində Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi, minlərlə hektar ərazinin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Universitetinin kollektivi Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət edib. Muzeyin əməkdaşları burada sərgilənən eksponatlar haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıblar. Sonda universitet kollektivi muzeyin əməkdaşları ilə xatirə şəkli çəkdirib, rektor Səadət Əliyeva muzeyin xatirə dəftərini imzalayıb.
Qeyd edək ki, respublikanın müxtəlif kənd məktəblərində davam edəcək layihənin məqsədi universitet–orta məktəb həmrəyliyinin formalaşdırılması və gücləndirilməsi, şagirdlər arasında ali təhsilə olan marağın stimullaşdırılması, yeni tədris texnologiyalarının təbliğinin aparılması və kənd məktəblərinin bu sahədə dəstəklənməsidir. Layihə çərçivəsində əvvəlki tədbirlər Xaçmaz rayonunun Şəmsəddin Sədiyev adına Qımıl-qışlaq kənd tam orta məktəbi və Şəmkir rayonunun Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbində keçirilib.