CƏMİYYƏT
Azərbaycan Varşavada keçirilən ənənəvi Beynəlxalq Milad Xeyriyyə Bazarında təmsil olunub
Varşava, 6 dekabr, AZƏRTAC
Polşa Respublikasının birinci xanımı Aqata Kornhauser-Dudanın himayəsi altında “Polşada akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin xanımları” cəmiyyətinin (SHOM) təşkilatçılığı ilə Varşavada növbəti ənənəvi Beynəlxalq Milad Xeyriyyə Bazarı keçirilib.
AZƏRTAC xəbər verir ki, xeyriyyə bazarında Polşada akkreditə olunmuş əksər diplomatik nümayəndəliklər, ölkədə fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri və fərdi sahibkarlar iştirak ediblər.
Ölkəmiz xeyriyyə bazarına Azərbaycanın Polşadakı səfirliyinin, Azərbaycanın Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət nümayəndəsinin ofisinin və Varşavada fəaliyyət göstərən milli mətbəx təamlarını təqdim edən iaşə obyektlərinin birgə iştirakı ilə təmsil olunub.
Azərbaycan stendində ölkəmizdə istehsal olunan müxtəlif növ spirtli və spirtsiz içkilər, suvenirlər, çay və mürəbbə çeşidləri, əl işləri və digər mallar satışa çıxarılıb. Azərbaycanın stendində “Made in Azerbaijan” brendi və Azərbaycan turizm potensialının təbliği ilə bağlı posterlər quraşdırılıb. Milli mətbəxə aid hissədə qonaqlara milli kulinariya nümunələri - dolma, plov, qutab, kükü, habelə ənənəvi Azərbaycan çayı və paxlava təqdim edilib.
Azərbaycan stendi xeyriyyə bazarı ziyarətçilərinin xüsusi marağına səbəb olub. Açılış mərasimindən sonra Polşa Respublikasının birinci xanımı Aqata Kornhauser-Duda Azərbaycanın guşəsini ziyarət edib və orada nümayiş etdirilən nümunələrlə tanış olub.
Xeyriyyə tədbirinin bədii hissəsində Polşada yaşayan azərbaycanlı rəqqasə Kamilla Əliyevanın ifasında “Sarı gəlin” və “Ağ çiçəyim” Azərbaycan milli rəqsləri təqdim olunub.
Səfir Nərgiz Qurbanova tədbir zamanı Polşa Xəbər Agentliyinə (PAP) müsahibə verib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava