SİYASƏT
Azərbaycan-Vatikan əlaqələri ilə bağlı müzakirələr aparılıb
Vatikan, 28 yanvar, AZƏRTAC
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Vatikan arasındakı münasibətlərin yüksək səviyyəsi, ikitərəfli görüşlərin müntəzəmliyi razılıqla qeyd olunub.
Azərbaycan Respublikasının Prezidentinin və Birinci vitse-prezidentin Vatikana səfərləri xoş təəssüratlarla xatırlanıb. Ölkəmizin Vatikanda bərpa işlərinə töhfələri yüksək qiymətləndirilib. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrdən söz açılıb.
Səfir Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallagerə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təbiətə qarşı törədilmiş cinayətlər, vandalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. Azərbaycanın azad edilmiş torpaqlarda infrastrukturu, nəqliyyat-kommunikasiya xətlərinin bərpasına başladığı qeyd edilib.
Müqəddəs Taxt-Tacın balanslı mövqeyinin, Azərbaycan və Ermənistanı sülh, dialoq və əməkdaşlığa çağırışının yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Diplomat bildirib ki, ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcək. Tərəflər əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
R.Mustafayev, həmçinin Qarabağın şəhər və kəndlərində 30 illik işğal müddətində törədilmiş vandalizm aktlarını əks etdirən fotoşəkilləri və videomaterialları təqdim edib.
Görüşdə Fransadakı səfirliyimizin diplomatı Mikayıl Ramazanlı da iştirak edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan