İDMAN


Azərbaycan Voleybol Federasiyasının baş katibi CEV-in plenar iclasında iştirak edib

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qurumun plenar iclasında iştirak edib.

AVF-dən AZƏRTAC-a bildiriblər ki, CEV-in İdarə Heyəti yeni tərkiblə ilin ikinci toplantısını İtaliyanın Verona şəhərində keçirib. İclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib.

O, çıxışı zamanı ötən ilin yazından dünyanı bürüyən koronavirus pandemiyasının idmana, o cümlədən voleybola olan mənfi təsirlərindən və onunla mübarizə yolundan, həmçinin gələcək üçün qarşıda duran planlardan danışıb.

CEV prezidenti 2021-ci ilin voleybolsevərlər üçün həyəcanlı bir il olduğunu qeyd edib. A.Boriçiç bildirib ki, konfederasiyanı qarşıda Avropa çempionatı, çimərlik voleybolu üzrə qitə birinciliyi və “Tokio-2020” Yay Olimpiya Oyunları kimi gərgin yarışlar gözləyir.

Daha sonra CEV prezidenti və İdarə Heyətinin üzvləri Verona şəhərində keçirilən qadınlar və kişilər arasında Çempionlar Liqasının final oyunlarını izləyiblər. Həlledici matçları qitə qurumunun rəsmiləri ilə birgə Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Ari Qraça da izləyib.

Qadınların yarışında “Konegliano” (İtaliya) “VakifBank”ı (Türkiyə), kişilərin mübarizəsində isə ZAKSA (Polşa) “Trentino”nu (İtaliya) məğlub edərək Avropanın ən nüfuzlu klub turnirinin qalibi adına sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.