ELM VƏ TƏHSİL
Azərbaycan Vyanada STAR-NET-in iclasında təmsil olunub
İclasda nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkilindən danışılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.
Tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və həmin fakültənin dosenti Flora Hacıyeva təmsil ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, 10-dək ölkədən 25 nümayəndənin iştirak etdiyi iclasda BAEA-nın direktor müavini M.Çudakov, qurumun nümayəndəsi O.Glockler və STAR-NET-in icraçı direktoru A.Kosilov çıxış ediblər. Onlar nüvə texnologiyası sahəsində təhsilin təşkilindən danışıb, həmçinin şəbəkənin fəaliyyəti və portalı barədə məlumat veriblər.
Sonra STAR-NET-in prezidenti, Milli Nüvə Tədqiqatları Universitetinin rektoru, professor Mixail Strixanov şəbəkənin imkanlarının artırılmasının, onun resurslarından bütün ölkələrin istifadə etməsinin vacibliyini vurğulayıb.
Məhəmmədəli Ramazanov çıxışında şəbəkəyə üzv ölkələrin birgə beynəlxalq elm və təhsil qrantlarında iştirak etmələrinin önəmindən danışıb, müəyyən təkliflər səsləndirib.
Müzakirələr zamanı nüvə texnologiyasının istifadəsinin ümumbəşəri əhəmiyyətindən, nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksəkixtisaslı kadrların hazırlanmasından, BAEA-nın bu istiqamətdəki fəaliyyətindən danışılıb.