İQTİSADİYYAT


Azərbaycan “WorldFood Moscow” qida məhsulları sərgisində iştirak edir

Moskva, 21 sentyabr, AZƏRTAC

Moskvada “Krokus Ekspo” Mərkəzində 30-cu, yubiley “WorldFood Moscow” qida məhsulları sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanı meyvə şirələri, şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservlər, qənnadı məmulatı və digər məhsullar istehsal edən 20-dən çox şirkət təmsil edir. Respublikamız “WorldFood Moscow 2021” sərgisində Azərbaycan İqtisadiyyat Nazirliyinin, habelə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə beşinci dəfə vahid “Made in Azerbaijan” stendi ilə təmsil olunur.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev qeyd edib ki, keçənilki ilə müqayisədə bu il Azərbaycandan olan iştirakçıların sayı artıb. O deyib: “Bu gün Azərbaycanın 20-dən çox istehsalçısı burada müxtəlif məhsullar nümayiş etdirir. İnamla deyə bilərəm ki, ötən ilin göstəriciləri ilə müqayisədə bu dəfə Azərbaycandan Rusiyaya məhsul tədarükü 18 faiz artıb.

Sərginin təşkilatçısı olan "Hyve” şirkətlər qrupunun baş direktoru Dmitri Zavqorodni Azərbaycan kənd təsərrüfatı məhsullarının rusiyalı istehsalçılar üçün əhəmiyyətini vurğulayaraq deyib: “Bizim sərginin mövcud olduğu 30 il ərzində Azərbaycan ilə çox sıx əməkdaşlıq edirik. Rusiyanın ərazisi böyük, iqlimi çox müxtəlif olmasına baxmayaraq elə ərzaq məhsulları var ki, biz onları heç bir halda Rusiyada yetişdirə bilmirik. Bu məsələdə Azərbaycan bizə kömək edir. Sərginin təşkilatçılarının vəzifəsi əmtəə və xidmətlərin istehsalçıları ilə alıcılar arasında əlaqə yaratmaqdır. Biz həm də işgüzar proqramı inkişaf etdiririk. Bu məsələdə xüsusi rol oynayan dövlət qurumları ölkələr arasında səmərəli dialoqa və biznes əlaqələrinin inkişafına kömək edir.

RF paytaxtında “WorldFood Moscow” sərgisi 30-cu dəfə keçirilir. Builki sərgidə Rusiyanın 59 regionundan və 30 xarici ölkədən 600-dən çox şirkət iştirak edir.

“WorldFood Moscow 2021” sərgisinin işgüzar proqramı çərçivəsində Ərzaq Biznesi Liderlərinin Forumu və “Fud-riteyl üçün innovasiyalar. Tətbiq üçün təlimat” mövzusunda konfrans təşkil ediləcək. Sərginin son günündə “İlin məhsulu” və “WorldFood Organic” müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.

Sərgi sentyabrın 24-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.