ELM VƏ TƏHSİL
Azərbaycan XII Beynəlxalq Böyük Türk Dil Qurultayında təmsil olunub
Bakı, 2 oktyabr, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdəki Bukreş Universitetində keçirilən XII Beynəlxalq Böyük Türk Dil Qurultayında ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun alimləri təmsil ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Türkiyənin Bilkent Universiteti, Yunis Əmrə İnstitutu, Türk Dünyası Araşdırmalar Vəqfi, Azərbaycan-Türkiyə Dostluq Birliyinin birgə təşkilatçılığı ilə keçirilən qurultay əski türk dilinin tarixi qaynaqlarının öyrənilməsinə həsr olunub. Qurultaya Bilkent Universitetinin professoru Rasim Özyürek sədrlik edib.
Açılış nitqində Rasim Özyürək qurultaya təqdim olunan 258 məqalədən 144-nün qəbul edildiyini, türk dillərinin tarixi və müasir dövrlərinə dair müxtəlif mövzuların müzakirəyə çıxarılacağını bildirib.
Bölmə iclasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Orta əsr Azərbaycan-türk əlyazmalarının bəzi imla özəllikləri” mövzusunda məruzəsi dinlənilib. İclasa həmsədrlik edən M.Nağısoylu qurultayın elmi səviyyəsini və təşkilini çox yüksək dəyərləndirib.
Dilçilik İnstitutu direktorunun müavini, dosent Baba Məhərrəmli “Əski türkcədə söz yaradıcılığı”, qurumun elmi katibi, dosent Aynel Məşədiyeva “Əski türkcədəki feili sifət şəkilçilərinin çağdaş türk ləhcələrində ekvivalentləri”, professor Roza Eyvazova “Qarşılıqlı əlaqələr zəminində İran türklərinin əski tarixinə bir baxış” və dosent Aygül Hacıyeva “Ruhi Bağdadi divanının dilində saylar” mövzularında məruzələrlə çıxış ediblər.