SİYASƏT
Azərbaycan XİN: ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik
Bakı, 22 iyul, AZƏRTAC
ABŞ Dövlət Departamentinin “ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülletenində Azərbaycana istinad edilib. Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVID-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla əlaqədar KİV-ə açıqlamasında deyib: “Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır. Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik”.