SİYASƏT
Azərbaycan XİN gürcü müxbirin adını arzuolunmaz şəxslər siyahısından çıxarıb
Bakı, 2 mart, AZƏRTAC
Gürcüstan vətəndaşı, “TV İmedi” telekanalının müxbiri Qurami Roqava Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edib. O, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Q.Roqava məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə, suverenliyinə və qanunlarına hörmət etdiyini, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini bildirib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Q.Roqava Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərin heç bir halda ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təşviqinə xidmət göstərmədiyini bildirib və bu ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini vurğulayıb. Q.Roqava, həmçinin işğal olunmuş ərazilərə gələcəkdə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
Q.Roqavanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.