MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə niyyət protokolu imzalayıb

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan Xalça Muzeyi Rusiya Federasiyasının ən böyük və ən zəngin kolleksiyaya malik muzeylərindən biri olan, Sankt-Peterburq şəhərindəki Federal Dövlət Mədəniyyət Büdcə İdarəsinin Rusiya Etnoqrafiya Muzeyi ilə niyyət protokolu imzalayıb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sənəddə növbəti beş ildə muzeylər arasında elmi-tədqiqat işi, təcrübə mübadiləsi, birgə sərgi layihələrinin hazırlanması, həmçinin muzeylərin fəaliyyəti haqqında məlumatların, elmi-metodik ədəbiyyatın mübadiləsi sahələrində sıx əməkdaşlıq nəzərdə tutulur. Həmçinin Rusiya muzeyinin çox zəngin eksponatları içərisində Azərbaycan tarixi, tətbiqi incəsənət, xalçaçılıq sənəti, ümumiyyətlə, mədəniyyətimiz üçün vacib və əhəmiyyətli olan xeyli sayda nümunələr var. Həmin eksponatların atribusiyası, sərgilərin təşkili, birgə kataloqların nəşri də nəzərdə tutulur.

Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Şirin Məlikova bildirib ki, Rusiya muzeyləri ilə Xalça Muzeyi arasındakı intensiv əlaqələr getdikcə daha da genişlənir. Bunun nəticəsində bir sıra yeni birgə layihələrin həyata keçirilməsi muzeylər arasında əməkdaşlığı möhkəmləndirəcək.

Muzeyin direktoru deyib: “Biz çalışırıq ki, dünyanın bütün muzeylərində, o cümlədən Avropada və Rusiya muzeylərində Azərbaycan mədəniyyətinə və incəsənətinə aid olan dəyərli eksponatlar, həmçinin xalçalarımız Azərbaycanın mədəni irsinin nümunələri kimi təqdim olunsun. Bu, bizim mədəniyyətimizin xaricdə təbliği baxımından çox vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.