MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyi “Tarixə və ənənəyə toxunuş” layihəsinə start verir

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq sərgi-layihəsi “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, ölkənin muzey işi tarixində yeni səhifə olacaq bu sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.

2019-cu ilin fevral ayı ərzində Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə “Tarixə və ənənəyə toxunuş” Azərbaycan-Türkiyə birgə sərgi layihəsini təqdim olunacaq. Bu layihə “ASAN” Radionun media, “ASAN” Könüllülük Məktəbi və “British Council”ın dəstəyi ilə keçiriləcək.

Layihənin əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji və İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil edir. Bu sərgi Türkiyə və digər ölkələrdə böyük uğurla nümayiş etdirilib.

Ekspozisiyanın əsasını 15 əşya təşkil edir. Bura dünya muzeylərinin məşhur eksponatlarının surətləri, gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Azərbaycan Xalça Muzeyi öz növbəsində sözügedən layihəni “Ənənəvi texnologiya” şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırladıqları xalça nümunələri ilə tamamlayacaq. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palaz, kilim, şəddə, zili və s. kimi növlərini görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya biləcəklər. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunacaq. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim ediləcək.

Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovlu və xovsuz xalçaların toxunması və makrame üzrə ustad dərsləri təşkil olunacaq.

Sözügedən layihə ölkəmizdə bu istiqamətdə reallaşacaq pilot layihədir. Yaxın aylar ərzində eksponatların bu metodla nümayişi Azərbaycan Xalça Muzeyinin sərgi fəaliyyətində geniş şəkildə tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.