MƏDƏNİYYƏT
Azərbaycan Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçirilib
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 27-də Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirinin keçirilməsində məqsəd valideyn və uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.
Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olublar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayıblar.
İştirakçılara muzey əməkdaşlarının köməyi ilə kompyuter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqları, “Tilda” kuklasının hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar təqdim olunub.
Tədbirə qoşulan iştirakçılar məşhur xalçaçı-rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı da əldə ediblər. Həmçinin, muzeyin əməkdaşı Püstə Ağayeva tərəfindən “Süjetli xalçalar və motivlər” mövzusunda mühazirə səsləndirilib və muzeyə mini ekskursiya təşkil olunub. Bundan əlavə, dəvət olunmuş uşaq yazıçısı Gülzar İbrahimova uşaqlara nağıl oxuyub.
Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulur.