MƏDƏNİYYƏT
Azərbaycan Xalça Muzeyində “Rəngli duyğular” sərgisi
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan Xalça Muzeyinin sərgi salonunda rəssam Şəhribanu Əbdüləzizin “Rəngli duyğular” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Röya Tağıyeva sərgidə nümayiş olunan əsərlərdə qədim adət-ənənələrimizin yeni forma və məzmunda təqdim olunduğunu söyləyib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov deyib ki, əsərlərə baxarkən Ş.Əbdüləzizin rəsmə məhəbbətini görürük. Rəssam üçün bu başlıca amildir. Onun əsərlərində rəssamın fikirləri, hissləri, özünəməxsus dünyagörüşü qabarıq şəkildə özünü göstərir.
Rəssamın atası Əbdüləziz Səməndəroğlu qonaqlara təşəkkürünü bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Müəllifin 19 əsərinin sərgiləndiyi sərgidə - “Qoğal”, “Xarı bülbül”, “Həyat ağacı”, “Qobustan gəmiləri”, “Bakı buxtası” və digər rəsmləri maraqla qarşılanıb. Əsərlər əsasən əlvan, isti rənglərlə işlənib. Bir çoxu mənzərə janrında olan bu tablolarda həm milli naxış nümunələrinə, həm də Azərbaycanın tarixi abidələrindən olan Qobustan qayaüstü təsvirlərini xatırladan rəmzlərə də rast gəlmək olar.
Rəssam Azərbaycan xalçalarında tez-tez rast gəlinən Əjdaha, Günəş, mavi səma, su və s. bu kimi qədim, ənənəvi simvolları özünəməxsus formada işləyərək onlara yeni həyat və nəfəs verərək, kətan üzərində yağlı boya ilə işləyib.
Sərgi dekabrın 26-dək davam edəcək.
Qeyd edək ki, ziyalı ailəsində anadan olan Şəhribanu Əbdüləziz hələ uşaq yaşlarından incəsənət və rəssamlığa böyük maraq göstərib, bir çox sərgi və müsabiqələrin iştirakçısı olub. İncəsənətə olan böyük həvəsi onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına gətirib. O, burada təhsilini başa vurduqdan sonra 2009-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.