MƏDƏNİYYƏT
Azərbaycan Xalça Muzeyində növbəti “Ailə günü” maraqla qarşılanıb
Bakı, 26 noyabr, Flora Şükürova, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Xalça Muzeyində “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qurumun uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə gerçəkləşən tədbirin keçirilməsində əsas məqsəd valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyəti və incəsənətini tanıtmaqdır.
Tədbir proqramında uşaqların müxtəlif yaş hədləri nəzərə alınaraq müxtəlif əyləncəli oyunlar təşkil olunub. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olma imkanı əldə ediblər. Bundan başqa, balacalar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə yaradıcı qabiliyyətlərindən istifadə edərək müxtəlif incəsənət nümunələri hazırlamaq üçün bacarıqlarını nümayiş etdiriblər. İştirakçılara muzey əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyalarının, qolbaqların, kuklaların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar təqdim olunub.
Memar Elçin Əliyev uşaqlara Abşeron memarlığının tarixindən danışıb.
Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birinin rəsmini çəkiblər.
Ən yaxşı 5 rəsm əsərinin müəllifinə mükafatlar təqdim edilib.
Qeyd edək ki, muzeydə “Ailə günü” tədbirinin hər ayın son şənbə günü saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub.