MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyinin kolleksiyasından “Zərgərlik inciləri”

Bakı, 17 may, AZƏRTAC

Mayın 18-dən etibarən Azərbaycan Xalça Muzeyinin kolleksiyasından “Zərgərlik inciləri” adlı ekspozisiya təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fondda saxlanılan 800-dək eksponatdan bir qismi ekspozisiyada yer alacaq. Zərgərlik nümunələrinin böyük hissəsi XIX əsrin sonu - XX əsrin əvvəllərində, digərləri isə eramızdan əvvəl IV-II minilliklərdə, tunc dövründə yaradılıb. Eksponatların böyük hissəsini zinət əşyaları təşkil edir. Bununla yanaşı, eksponatların sırasında məişət əşyaları da vardır. Zərgərlik sənətinin müxtəlif texnikaları əsasında işlənmiş dekorativ-tətbiqi sənət nümunələrindən olan soyuq silah növləri xüsusilə diqqətəlayiqdir.

Zərgərlik fondunda qorunan nümunələr Azərbaycanın bir çox bölgələrini əhatə edir. Ziyarətçilər burada həkketmə, şəbəkə, tökmə, basma, qarasavad, minasazlıq və digər qədim üsullarla hazırlanmış zərgərlik nümunələri ilə tanış ola biləcəklər.

Müasir rəssamların yaradıcılığında yeni məzmunla yanaşı, xalqımızın ənənələrinə söykənən zərgərlik nümunələri də öz əksini tapır. Rəşid Məmmədov, Camal Əyyubov, Nina Paşayeva, Hacı Şamov, Əli Əhmədov, Əlimuxtar Zeynalov kimi sənətkarların əsərləri Azərbaycan xalqının həm maddi mədəniyyətinin yüksəkliyinə, həm də dünyanın gözəlliyini və harmoniyasını görmək bacarığına dəlalət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.