MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyinin zərgərlik fondunun ekspozisiyası açıldı VİDEO

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Xalça Muzeyinin kolleksiyası əsasında “Zərgərlik inciləri” adlı ekspozisiya açılıb.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Şirin Məlikova çıxış edərək Xalça Muzeyində çoxdan gözlənilən bu ekspozisiyanın əlamətdar bir tarixdə - Beynəlxalq Muzeylər Günündə açıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, bu ekspozisiyanın açılması ilə Xalça Muzeyinin zərgərlik fondunu geniş tamaşaçı kütləsinə nümayiş etdirmək imkanı yaranır. Fondda saxlanılan 800-dək eksponatdan bir qismi ekspozisiyada təqdim olunur. Zərgərlik nümunələrinin böyük hissəsi XIX əsrin sonu - XX əsrin əvvəllərində, digərləri isə eramızdan əvvəl IV-II minilliklərdə, tunc dövründə yaradılıb. Eksponatların böyük hissəsini zinət əşyaları təşkil edir. Bununla yanaşı, eksponatların sırasında məişət əşyaları da vardır. Zərgərlik sənətinin müxtəlif texnikaları əsasında işlənmiş dekorativ-tətbiqi sənət nümunələrindən olan soyuq silah növləri xüsusilə diqqətəlayiqdir.

Şirin Məlikova hazırda Azərbaycan Xalça Muzeyində zərgərlik fondunun kolleksiyasını əks etdirdən kataloq üzərində işlər aparıldığını söyləyib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Beynəlxalq Muzeylər Gününün ölkəmizdə geniş qeyd edilməsindən söhbət açıb. Bildirib ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) 2016-cı ilin bu gününü “Muzeylər və mədəni landşaftlar” mövzusuna həsr edib.

Nazir müavini ölkəmizdə muzey sahəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev muzeylərə çox böyük diqqət yetirib. Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu ildən bu günə kimi 23 muzey açılıb, bir sıra muzeylərdə əsaslı yenidənqurma və təmir işləri aparılıb. Muzey işi sahəsində 15-dən çox sərəncam imzalanıb. Vurğulayıb ki, Beynəlxalq Muzey Günü münasibətilə bu gün də daxil olmaqla 3 gün bütün muzeylərdə “açıq qapı” elan edilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə və digər çıxış edənlər zərgərlik sənətinin qədimliyindən danışıblar. Bildirilib ki, zərgərlik sənəti bizim milli sərvətimizdir. Muzeydə təqdim edilən “Zərgərlik inciləri” ekspozisiyası zəngin zərgərlik nümunələri ilə tanış olmaq imkanı verir.

Sonra qonaqlar ekspozisiya ilə tanış olublar.

Qeyd edək ki, zərgərlik fondunda qorunan nümunələr Azərbaycanın bir çox bölgələrini əhatə edir. Ziyarətçilər burada həkketmə, şəbəkə, tökmə, basma, qarasavad, minasazlıq və digər üsullarla hazırlanmış zərgərlik nümunələri ilə tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.