ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyəti bütün türk dünyasının milli qürur mənbəyidir
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə kafedra müdirləri, müəllimlər və tələbələr, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, yazıçılar, ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, xalqımız böyük tarixi hadisə ərəfəsindədir. Xalqımız hər il mayın 28-də Respublika Gününü qeyd edir. Bu il isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqımızın deyil, eləcə də bütün türk dünyasının milli qürur mənbəyidir. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dünyada ilk dəfə qadınlara seçib-seçilmək hüququ verib. Rektor qeyd edib ki, ADPU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir və bu tədbirlərin davamlı olması nəzərdə tutulur. Cümhuriyyət liderlərinin həyat və fəaliyyəti dərindən öyrənilməli, Cümhuriyyət dəyərləri geniş təbliğ edilməlidir.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri, yazıçı İrfan Çiftçi çıxışında bildirib ki, yüz il öncə Azərbaycan xalqının vətənpərvər ruhlu, müasir, mütərəqqi və demokratik düşüncəli övladları Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Azərbaycan Xalq Cümhuriyyətinin türk dünyasının ictimai-siyasi fikir və dövlətçiliyi tarixində xüsusi şərəfli yeri və mövqeyi var.
Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, yazıçı-publisist Nəcibə Bağırzadə isə xalqımızın bu böyük oğlunun həyat və fəaliyyəti, apardığı siyasi mübarizə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, M.Ə.Rəsulzadə gənclik illərindən xalqımızın azadlığı uğrunda mübarizəyə başlayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında əvəzsiz xidmətlər göstərib.
Universitetin tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, şair-tərcüməçi Səlim Babullaoğlu çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər.