ELM VƏ TƏHSİL


“Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabının təqdimatı olub

Bakı, 14 iyun, AZƏRTAC

İyun 14-də Bakıda Yunus Əmrə İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Bakıda Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir kitab haqqında məlumat verib, mövzunun aktuallığını vurğulayıb.

Kitabın elmi redaktoru, akademik Kamal Abdullayev nəşrin əhəmiyyətini qeyd edib, onun məziyyətindən danışıb.

Bildirilib ki, nəşrdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dil siyasəti və əlifba məsələləri, Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsis edilməsi haqqında Qanun və onun əhəmiyyəti, AXC dövründə dil haqqında qəbul olunmuş qərarlar və onların cəmiyyətdə əks-sədası, AXC parlamentinin rəsmi dili və parlamentdə işlənən digər dillər kimi maraqlı məsələlər arxiv materialları və Cümhuriyyət dövrünün stenoqrafik hesabatları əsasında geniş işıqlandırılıb. Kitabda indiyədək AXC ilə bağlı fikirlər, düşüncələr, onun apardığı dil siyasəti ilə bağlı təhlillər, bir növ, ümumiləşdirilir və Cümhuriyyət dövründə özünü göstərən dil situasiyası bütöv şəkildə təqdim edilir.

K.Abdullayev deyib: “Məhəmməd Əmin Rəsulzadənin ifadəsini dəyişsək, əlbəttə ki, belə deyərik: “Bir dəfə danışdığın dil heç zaman unudulmaz!”. Bir dəfə danışmağa başladığın və heç zaman unutmadığın Azərbaycan dili öz fonetik səlistliyi, leksik imkanları, sintaktik sistemliliyi nəticəsində dünyanın ən inkişaf etmiş dilləri ilə bir sırada durur və bu gün onun inkişafı üçün, həqiqətən də, geniş imkanlar açılıb. Bu gün həm dilimiz, həm əlifbamız bir-birini tamamlayan meyarlar üzərində qurulub və kitabda da məhz bu iki amilin - həm dil siyasəti, həm əlifba məsələləri ilə bağlı amillərin bir-biri ilə əlaqəsi dolğun işıqlandırılıb”.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professorlar Adil Babayev, Solmaz Rüstəmova-Tohidi və digər çıxış edənlər kitab haqqında fikirlərini bölüşüblər.

Kitabın müəllifi E.İbrahimov nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Sonda E.İbrahimova Bakıda Yunus Əmrə İnstitutu tərəfindən təşəkkürnamə təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.