ELM VƏ TƏHSİL


Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm aqrar islahatlar aparılıb

Bakı, 22 may, P.İmanova, AZƏRTAC 

Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun və Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan “Azərbaycan Xalq Cümhuriyyəti dövründə aqrar islahatlar” mövzusunda elmi-praktiki seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda AMEA Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu xatırladıb, akademiyada bu istiqamətdə müxtəlif tədbirlərin keçirildiyini bildirib.

Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı “Müsəlman şərqinin ilk cümhuriyyəti”mövzusunda məruzə ilə çıxış edib. M.Qasımlı Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında AXC-nin mühüm rolundan danışıb, Cümhuriyyət dövründə aparılan aqrar və iqtisadi islahatlardan, müxtəlif sahələrdə görülən işlərdən söz açıb. Qeyd olunub ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq AXC böyük tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir göstərə biləcək qanun və qərarlar qəbul edib.

AMEA Biologiya və Tibb Elmləri Bölməsi akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AXC-nin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb. AXC-nin hüquqi varisi olan müstəqil respublikamızda aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verilib.

Seminarda İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Seyfəddin Səməndərovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə aqrar islahatlar haqqında”, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədovun “Heydər Əliyevin aqrar siyasəti” mövzularında məruzələri dinlənilib. Bildirilib ki, cəmi 23 ay mövcud olmuş AXC hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsas mahiyyəti, xüsusən də aqrar islahatlar torpaqların kəndlilərə verilməsi, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması, maliyyə-vergi siyasəti, milli valyutanın buraxılması, dövlət bankının yaradılması, dövlət büdcəsinin formalaşdırılması, dağılmış infrastrukturun yenidən qurulması, sənayenin inkişafı və xarici ticarət əlaqələrinin qurulması sahəsində atılan addımlar olub.

Qeyd edilib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı, aqrar sahədə həyata keçirilən islahatlar, xüsusən onun tərkib hissəsi olan torpaq islahatlarının aparılması, bu istiqamətdə qazanılan uğurlar ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Yeni əkinçi-torpaq münasibətlərinin formalaşdırılması dahi rəhbərin hakimiyyətdə olduğu bütün dövrlərdə günün ən vacib tələblərindən birinə çevrilib. Hazırda Ulu Öndərin aqrar siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və uğurla həyata keçirilir. Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı ildən-ilə çoxalır, aqrar bölmənin dinamik inkişafı təmin olunur, regionların sosial-iqtisadi inkişafı məsələlərinə dair dövlət proqramları qəbul edilərək yerinə yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.