ELM VƏ TƏHSİL


Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Qazax Müəllimlər Seminariyasının milli təhsil tariximizdəki yeri və rolu

Bakı, 17 mart, AZƏRTAC 

Qori Müəllimlər Seminariyasının (Zaqafqaziya Müəllimlər Seminariyasının) Azərbaycan şöbəsinin 1879-cu ildə Qori şəhərində açılması təhsil tariximizdə xüsusi bir mərhələdir. Bu seminariya XIX əsrdə (1918-ci ilədək) müəllim kadrların hazırlanmasında mühüm işlər görüb. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsi isə tarixi bir hadisəyə çevrilib. Firudin bəy Köçərlinin tarixi xidməti sayəsində Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazax şəhərində müstəqil müəllimlər seminariyası kimi fəaliyyətə başlayıb.

AZƏRTAC Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə yaradılmış Qazax Müəllimlər Seminariyasının milli təhsil tariximizdəki yeri və rolu haqqında məqaləsini təqdim edir.

Məqalədə bildirilir ki, 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyini elan edib. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində müstəqil dövlətini yaradıb, ictimai-siyasi quruluşun müvafiq modelini qurub. Həmin dövrdə təhsil sisteminin dağılmasının qarşısının alınmasına, onun kökündən dəyişdirilərək milli mənafelərə uyğun milli köklər üzərində yenidən qurulmasına, məktəb islahatlarının aparılmasına yönəlmiş tədbirlərin görülməsi məqsədilə AXC-nin parlamenti və hökuməti tərəfindən müvafiq qanun və qərarlar qəbul edilib, həmin qanun və qərarlara uyğun olaraq Xalq Maarifi Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Сümhuriyyət dövründə Xalq Maarif Nazirliyinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə köçürülərək müstəqil seminariyaya çevrilməsi olub. Yenicə istiqlala qovuşmuş AXC hökumətinin qarşısında duran ən vacib məsələlərdən biri xalq maarifi və təhsilinin inkişafına, savadsızlığın və geriliyin aradan qaldırılmasına, məktəb-təhsil işinin geniş yayılmasına nail olmaq idi. Lakin ölkədəki kəskin müəllim qıtlığı problemini həll etmədən təhsilin və maarifin yayılması, məktəb-tədris işinin milli mənafelərə uyğun yenidən qurulması üzrə qarşıda duran mühüm vəzifələri yerinə yetirmək mümkün deyildi. AXC hökuməti ölkədə yaşanan kəskin müəllim qıtlığı problemini qismən də olsa həll etməkdən ötrü qısamüddətli pedaqoji kursların açılması və Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə köçürülməsi haqqında qərarlar qəbul edib. Hökumətin qəbul etdiyi həmin qərarlar ölkəmizdə aparılan yeni məktəb quruculuğu işində olduqca əhəmiyyətli idi. Qazaxa köçürülmüş Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) bölməsi əsasında yaradılmış müstəqil Qazax Müəllimlər Seminariyası xalqımızın mənəvi geriliyinin aradan qaldırılması yolunda mühüm amillərindən birinə çevrildi. Cümhuriyyət hökumətinin və Xalq Maarif Nazirliyinin respublikamızda ciddi səylə həyata keçirdiyi yeni məktəb quruculuğu işində, eləcə də ölkəmizdə pedaqoji kadrların hazırlanmasında Azərbaycanın görkəmli ziyalısı, maarifçi-pedaqoq, ictimai xadim Firidun bəy Köçərlinin rəhbərlik etdiyi Qazax Müəllimlər Seminariyası əhəmiyyətli rol oynadı. Həmin dövrdə Qazax Müəllimlər Seminariyası ölkəmizdə milli müəllim və pedaqoji kadrlar hazırlayan ilk milli tədris ocağına çevrildi. Qazax Müəllimlər Seminariyasının ölkəmizdə savadsızlığın aradan qaldırılması, maarif, mədəniyyət və təhsilin inkişaf etdirilməsi sahəsindəki xidmətləri danılmazdır. Milli təhsil tariximizdə Qazax Müəllimlər Seminariyasının mühüm yeri və rolunu nəzərə alaraq, arxiv sənəd və materiallarına, eləcə də digər tarixi mənbələrə əsaslanaraq Qazax Müəllimlər Seminariyasının yaradılmasına aparan tarixi yola nəzər yetirək.

İlk növbədə, qeyd edək ki, Rusiya imperatoru II Aleksandr Zaqafqaziya Müəllimlər Seminariyasının təsis edilməsi haqqında 1875-ci il aprelin 8-də fərman imzalayıb. Həmin fərmanla seminariyanın əsasnaməsi də təsdiqlənib. Bu əsasnamənin birinci bəndində qeyd edilirdi: “Zaqafqaziya Müəllimlər Seminariyasının məqsədi özünü ibtidai məktəblərdə müəllimlik fəaliyyətinə həsr etmək istəyən gənclərə pedaqoji təhsil verməkdir”. Əsasnamənin birinci bəndinin qeyd hissəsində isə bildirilirdi: “Müsəlmanlar üçün xüsusi məktəb açılanadək onlara Zaqafqaziya Müəllimlər Seminariyasına və onun nəzdindəki ibtidai məktəblərə daxil olmağa icazə verilir”. Fərman imzalandıqdan sonra seminariyanı qısa müddətdə açmaq mümkün olmayıb. Bu təhsil ocağı yalnız 1876-cı ilin sentyabrından etibarən fəaliyyətə başlayıb.

Zaqafqaziya Müəllimlər Seminariyası Rusiyanın qabaqcıl təhsil müəssisələrindən biri sayılırdı. Seminariyada və onun nəzdində yaradılmış üç ibtidai məktəbdə - rus, gürcü və erməni məktəblərində təhsilin rus dilində aparılması və həmin məktəblərdə Azərbaycan dilini bilən müəllimlərin yoxluğu müsəlman-azərbaycanlı uşaqların böyük əksəriyyətinin rus məktəblərinə cəlb olunması işini ləngidirdi. Ana dilində savada yiyələnmək istəyi müsəlman-azərbaycanlı uşaqlarını ənənəvi məktəblərə cəlb edirdi. Azərbaycanda getdikcə genişlənməkdə olan milli dünyəvi məktəb uğrunda hərəkat çarizmin maarif sahəsində yeritdiyi ruslaşdırma siyasətinə qarşı çevrilmişdi. Bu hərəkatın mahiyyətini anadilli məktəblərin yaradılması, yenilikçilik və müasirlik uğrunda mübarizə təşkil edirdi. Həmin mübarizənin nəticəsi idi ki, Qafqaz canişini ilk dəfə Zaqafqaziyanın müsəlman əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan) bölməsinin yaradılmasına razılıq verdi və həmin şöbə 1879-cu ilin sentyabrından etibarən Qori şəhərində fəaliyyətə başlayıb. Xeyli müddət sonra Rusiya imperatoru II Aleksandrın 1880-ci il mayın 13-də imzaladığı növbəti fərmanla Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində tatar (Azərbaycan) bölməsinin fəaliyyəti rəsmən qanuniləşdirilib.

Şamaxıda kasıb rus ailəsində doğulub boya-başa çatmış Aleksey Çernyayevski Azərbaycan bölməsinə inspektor təyin edilib. Azərbaycan bölməsinin açılmasına baxmayaraq, ilk vaxtlarda orada oxumaq üçün ərizə verənlərin sayı çox az olub və bu, şöbənin gələcək fəaliyyətini şübhə altına alıb. Bölmənin fəaliyyətini təmin etmək məqsədilə A.Çernyayevski savad almaq istəyən azərbaycanlı uşaqların axtarışına çıxıb. O, belə axtarışları İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şamaxı, Quba və Dərbənddə aparıb, kəndbəkənd gəzib qəza məktəblərində seminariyaya uşaq toplayıb. A.Çernyayevski uşaqların valideynlərinə təhsilin, maarifin nə demək olduğunu izah edərkən məqsədinin Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaq olduğunu bildirir və tövsiyə edir ki, onlar balalarını bu işığı yandırmaqdan məhrum etməsinlər.

A.Çernyayevskinin axtarışları nəticəsiz qalmır və onun bu yolda çəkdiyi zəhmət özünü doğruldur. Belə ki, Qori seminariyasına təhsil almağa gələn azərbaycanlı uşaqların sayı ildən-ilə artmağa başlayır. Çox keçmir ki, Şuşadan Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Mahmudbəyov, Qazaxdan İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlinski, Şəkidən Rəşid bəy Əfəndiyev A.Çernyayevskinin ümidlərini doğruldular. Firudin bəy Köçərli hələ tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini, sonralar isə A.Puşkin, M.Lermontov, A.Koltsov və A.Seretelinin bəzi əsərlərini Azərbaycan dilinə, M.F.Axundovun “Aldanmış kəvakib” əsərini rus dilinə tərcümə etmişdi. O, həmçinin Saleh bəy Zöhrabbəyovla birlikdə “Təlimati-lisani-türki” dərsliyini tərtib etmişdi. Rus, fars və ərəb dillərini yaxşı bilən tələbə Səfərəli bəy Vəlibəyov isə “Xəzineyi-əxbar” adlı ensiklopedik kitab tərtib etmişdi. Təhsilini ilk buraxılışda əla qiymətlərlə başa vurmuş Səfərəli bəy Vəlibəyovu 1881-ci ildə seminariyada ana dilindən dərs demək üçün saxlayıblar. Seminariyanın Azərbaycan bölməsini bitirmiş məzunların böyük əksəriyyəti ucqar qəzalara, kəndlərə gedib orada pedaqoji fəaliyyət göstərir, xalq kütlələri arasında maarifi yayır, onları cəhalətin, geriliyin əlindən qurtaqmağa çalışırdılar. Bölmənin çar hakimiyyəti tərəfindən mürtəce məqsədlə açılmasına baxmayaraq, Qori seminariyası Azərbaycanda xalq məktəbinin, təhsil və mədəniyyətin inkişafında müstəsna rol oynayıb. Qeyd etmək kifayətdir ki, bu təhsil ocağının Azərbaycana verdiyi kadrları çar Rusiyası dövründə heç bir məktəb verməyib.

Qori seminariyasının məzunu, böyük ziyalı Firidun bəy Köçərli sonralar yazırdı: “Qori seminariyasının Azərbaycan bölməsində yaxşı və diqqətəlayiq nə vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır... Çernyayevskinin “Vətən dili” bizim məktəblərdə yeni bir dövr açdı”.

Yarandığı ilk gündən AXC xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirib. Çünki əvvəlki dövrlərdə çarizm xalqın oyanmaqda olan milli mənlik və siyasi şüurunun qarşısını almaq məqsədilə burada uzun illər xalq maarifi işini məhdud çərçivədə saxlayıb, zorla ruslaşdırma siyasəti yeridib, təhsil əsasən rus dilində aparılaraq milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllər törədib ki, bu da öz növbəsində geniş müsəlman əhalisində hökumət məktəblərinə qarşı inamsız münasibət yaratmışdı. Yürüdülmüş bu cür siyasət müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdu. Dövrün tanınmış maarif xadimi Rəşid bəy Əfəndiyevin qardaşı pedaqoji təhsilli Abdulla bəy Əfəndiyev Parlamentin 1918-ci il dekabrın 26-da keçirilən beşinci iclasındakı çıxışında mövcud vəziyyəti belə qiymətləndirmişdi: “...Azərbaycan Cümhuriyyətinin maarifə olan ehtiyacı başqa ehtiyacatın fövqindədir. Ümumi fəlakətlərin birinci səbəbi maarif yoxluğudur... Şimdiki məktəblər mümkün olduqca tez bir zamanda milliləşdirilməlidir...”

Azərbaycan dilinin dövlət dili qəbul edilməsi, eləcə də məktəblərin milliləşdirilməsi və məktəb islahatlarının aparılması bir vəzifə olaraq hökumətin qarşısında dayanırdı. Bununla bağlı Azərbaycan dilində dərs deyə biləcək müəllim qıtlığı problemi də həll edilməli və bacarıqlı müəllim kadrlarının sayı artırılmalı idi. Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi hökumətin qarşısında dururdu. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) bölməsinin Qazaxa köçürülməsi məqsədilə Azərbaycan hökumətinin 1918-ci il 22 iyun tarixli qərarı ilə bölmənin keçmiş inspektoru F.Köçərlinin sərəncamına beş min rubl pul vəsaiti ayrılıb. Beləliklə, Azərbaycan bölməsi Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilib və burada fəaliyyətini davam etdirib. Azərbaycan xalq maarif naziri N.Yusifbəylinin 1918-ci il 12 oktyabr tarixli əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firidun bəy Köçərli həmin il oktyabrın 1-dən seminariyanın direktoru təyin edilib.

Firidun bəy Köçərli “Аzərbaycan” qəzetinin (rus dilində) 1918-ci il 13 oktyabr tarixli nömrəsində dərc etdirdiyi “Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi haqqında” sərlövhəli məqaləsində qeyd edirdi: “1918-ci ilin əvvəllərində Qazax şəhərinin müsəlman əhalisi və bəzi kənd icma nümayəndələri tədris dairəsi qarşısında ...tatar bölməsinin Qori şəhərindən Qazax şəhərinə köçürülməsi barədə məsələ qaldırıb ərizə ilə müraciət edərək vəd etmişlər ki, seminariyanın tikilməsi üçün bağ-bağça və 10 desyatin suvarılan torpaq, 3000 rubl məbləğində birdəfəlik yardım və hər il 1000 rubl borc pul ayıracaqlar. Bu məsələ Azərbaycan hökumətinin 1918-ci il 10 iyun tarixli iclasında müzakirə edilərək qazaxlıları qane edəcək qərara gəlmişlər. Tatar (Azərbaycan) bölməsinin əmlakının daşınması Xalq Maarif Naziri tərəfindən bölmənin inspektoruna həvalə edilmişdir ki, bu da onun tərəfindən yerinə yetirilmişdir.

Qazax Müəllimlər Seminariyası kimi vacib bir pedaqoji məktəbin açılması bütün qəza üçün böyük əhəmiyyət kəsb etdiyindən inanırıq ki, ziyalılar başda olmaqla yerli əhali bu təhsil ocağının gələcək fəaliyyətini təmin etməkdən ötrü əllərindən gələn köməkliyi əsirgəməyəcəkdir. Bütünlüklə seminariyanın yetirmələrindən ibarət olan yerli administrasiya tərəfindən də bu təhsil ocağına xüsusi qayğı göstəriləcəyinə şübhə etmirik”.

Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Gürcüstanın mərkəzində mövcud olduğu 40 il ərzində tədris dairəsi rəhbərlərinin yürütdükləri ruslaşdırma tendensiyasına baxmayaraq, seminariyanın yetirmələri istər inqilab, istərsə də böyük çevriliş günlərində sınaqlardan şərəflə çıxaraq Vətəninin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşlar. Sonrakı illərdə isə həmin bölmə Qori şəhərindən Qazax şəhərinə köçürülərək müstəqil seminariyaya çevrilmiş Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli müəllim kadrları hazırlanmasına başlamış ilk pedaqoji məktəb kimi tanınıb. Qazax Müəllimlər Seminariyasının fəaliyyətinin təmin edilməsi məsələsi daim Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyinin diqqət mərkəzində olub. Hökumətin 1918-ci il 21 oktyabr tarixli iclasında bir il ərzində Qazax Müəllimlər Seminariyasının pansionu və onun şəxsi heyətinin saxlanması üçün 177.892 rubl məbləğində kreditin ayrılması haqqında xalq maarif nazinin məruzəsi dinlənilib və qərara alınıb ki, iki ay yarım - 1918-ci il oktyabrın 15-dən 1919-cu il yanvarın 1-dək olan müddətdə həmin seminariyanın pansionu, şəxsi heyətinin saxlanması və digər xərclər üçün 90.962 rubl 25 qəpik məbləğində kredit ayrılsın və məhsulların ucuz qiymətə verilməsi nəzərdə tutulsun.

Qazax Müəllimlər Seminariyasının direktoru F.Köçərli 1919-cu il martın 20-də Dövlət Müfəttişliyi İdarəsinin direktoruna 80 nömrəli məlumatı məktub göndərərək Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsinin 1918-ci il iyunun 20-də müstəqil müəllimlər seminariyasına çevrilməsi, şöbənin mülkünün 1918-ci ilin sentyabrında onun tərəfindən Qori şəhərindən Qazax şəhərinə daşınması, orada çalışacaq qulluqçu heyətinin komplektləşdirilməsi və təsdiqlənmək üçün Bakıya, Xalq Maarif Nazirliyinə şəxsən təqdim etməsi haqqında məlumat verib. Xalq Maarif Nazirliyinin 1918-ci il 28 oktyabr tarixli əmri ilə həmin heyət təsdiqlənib və əmrə uyğun olaraq oktyabrın 20-dən etibarən aşağıdakı şəxslərə Qazax Müəllimlər Seminariyasında müəllimlik etməyə icazə verilib:

- İsfəndiyar bəy Vəkilov - rus dili və təbiət elmləri; Yusif Qasımov – tarix fənləri; Əli Hüseynov – tarix və coğrafiya; Məhəmməd Hüseynzadə - riyaziyyat; İbrahim Əfəndi Qayıbov – ana dili.

Qazax Müəllimlər Seminariyasının açılışı 1918-ci il noyabrın 10-da keçirilib və bu təhsil ocağında dərslər də elə həmin gündən etibarən başlanıb. Seminariyanın açılışında yerli komendant Səbri bəy, qarnizon rəisi Camal bəy, qəza rəisi Şıxlinski, xalq məktəbləri müfəttişi Qiyasbəyov, ali-ibtidai məktəb müfəttişi Mustafayev, yerli hökumət idarələrinin məmurları, şəhərin fəxri sakinləri, yeni qəbul olunmuş şagirdlərin valideynləri və s. iştirak ediblər.

Açılışda toplaşanları salamlayan İbrahim Əfəndi Qayıbov çıxışında gənc dövlətin pedaqoji təhsilə böyük ehtiyacı olduğunu qeyd edib. Səbri bəy seminariyaya yeni daxil olmuş şagirdlərə müraciət edərək onları və Qazax cəmiyyətini bu təhsil ocağının açılışı münasibətilə təbrik edib və müəllimlərin cəmiyyətdəki roluna yüksək qiymət verərək deyib: “Təmənna güdməyən, zəhmətkeş müəllimləri olmayan millətin xoşbəxt, güclü və qüdrətli olması mümkün deyildir”.

Səbri bəyin ardınca Camal bəy toplantıda iştirak edən şagirdləri təbrik edərək onları Vətən naminə məhsuldar çalışmağa səsləyib. Eyni zamanda, gənc tələbələrə xatırladıb ki, Vətən təkcə iti qılıncla deyil, elmi cəhətdən inkişaf etmiş ağılla da müdafiə edilir ki, o da məktəbdə yetişdirilir. Odur ki, onlara təhsil almaq üçün fədakarlıqla çalışmaqlarını arzulayıb. Seminariyanın direktoru F.Köçərli açılışda söylədiyi nitqdə qeyd edib ki, seminariyanın Gürcüstanın mərkəzində, özgə zəmində və müsəlman aləmindən uzaqlarda yaradılmasına baxmayaraq, çox böyük əhəmiyyəti olub, fəaliyyəti dövründə xalq məktəblərində işləməkdən ötrü Qafqaz müsəlmanlarına çoxlu sayda müəllimlər hazırlayıb. Vətəndən ayrı düşmüş müsəlman gəncləri milliliyinin təmizliyini və toxunulmazlığını qoruyub saxlaya bilmişlər. İndi müstəqil seminariyaya çevriləcək doğma diyarına, Qazaxa köçürülmüş tatar (Azərbaycan - R.S.) bölməsi xalqın mənəvi geriliyinin aradan qaldırılmasının mühüm amillərindən birinə çevriləcək bu yolda var qüvvəsi ilə çalışacaq.

Müəllimlər seminariyasının mövcud proqramının dəyişdirilməsinə dair hazırlığın görülməsi haqqında xalq maarif nazirinin müavini H.Şahtaxtinskinin Qazax Müəllimlər Seminariyasının direktoru F.Köçərliyə göndərdiyi 1919-cu il 27 mart tarixli məktubda deyilir: “Şübhəsizdir ki, müəllim seminariyalarının mövcud olan proqramı hazırkı vaxtda yararlı sayıla bilməz. Həyat yubanmadan proqramı az yararlı, lazım olmayan, gərəksiz materiallardan təmizləyərək onun zəmanəyə uyğun yeni, təzə elementlərlə təkmilləşdirilməsini və yeni proqram ilə əvəz edilməsini tələb edir. Bu, əlbəttə ki, çətin və məsuliyyətli bir işdir və tək adamın öhdəsindən gələsi bir məsələ deyildir. Bu məsələ kifayət qədər nəzəri və praktik hazırlığı olan mötəbər qüvvədən ibarət bütöv bir komissiyanın müzakirə predmeti ola bilər. Bu məsələ təcili öz həllini tələb etdiyi üçün bizdə mövcud olan qüvvə ilə hazırlaşmalı və materiallar toplandıqca ümumi qüvvə ilə onun yerinə yetirilməsinə başlanmalıdır.”

H.Şahtaxtinskinin seminariyanın mədəni fəaliyyətinə görə 1919-cu il aprelin 6-da F.Köçərliyə göndərdiyi təşəkkür məktubunda qeyd edilirdi: “Sizin gənc seminariyanın mədəni fəaliyyəti nazirliyi fərəhləndirir. Nazirlik sizə və sizin seminariyaya təşəkkür edir”.

Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsinin Gürcüstanın Qori şəhərində açılmasına baxmayaraq, onun təşkili, sonrakı dövrlərdə isə onun Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilməsi XIX əsrin sonu XX əsrin birinci yarısında azərbaycanlı müəllim və pedaqoji kadrlarının hazırlanmasında mühüm mərhələdir. Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri məhz həmin seminariyada təhsil alıblar. Ölkədə pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, yeni məktəblərin, xalq maarifinin bütöv bir dövrü məhz Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin, sonrakı dövrdə isə Qazax Müəllimlər Seminariyası məzunlarının fəaliyyəti ilə bağlı olub.

Qori seminariyası mövcud olduğu 40 il ərzində Azərbaycan məktəbi üçün 250-dək müəllim - Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Əli Qəmərli, Ə.Seyidov, Şıxlinskilər və başqalarını hazırlayıb ki, onlar da öz növbəsində Azərbaycanda milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynayıblar. Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mədəniyyətinin inkişaf etdirilməsində, təhsilin milli köklər üzərində yenidən qurulmasında, məktəb islahatlarının aparılmasında, anadilli məktəblərin yaradılmasında, ana dilində dərsliklərin hazırlanmasında vaxtilə Qori seminariyasının Azərbaycan bölməsini bitirmiş məzunlar fəal iştirak ediblər. Onlar Azərbaycanda təhsilin, maarifin və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan mübarizə aparıblar.

Xalqımızın təhsil tarixində əhəmiyyətli dərəcədə xidməti və rolu olmuş təhsil ocaqlarının təcrübəsini öyrənmək və gənc nəslin elmi-pedaqoji biliyinin artırılmasında, onların vətənpərvər ruhda tərbiyəsində ondan istifadə etmək bu gün də aktualdır.

Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Süleyman Sani Axundov, Fərhad Ağazadə kimi görkəmli şəxsiyyətləri yetişdirmiş Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan bölməsinin, eləcə də sonrakı illərdə Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi görkəmli ziyalılar yetişdirmiş Qazax Müəllimlər Seminariyasının fəaliyyəti gənc nəsillər tərəfindən öyrəniləcək, onların elmi-pedaqoji biliklərinin artırılmasında həmin tədris ocaqlarının zəngin təcrübəsindən istifadə ediləcək.

Fotolar Azərbaycan Respublikasının Kino-Foto Sənədlərı Arxivindəndir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.