ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyəti mədəniyyət sahəsində önəmli qərarlar qəbul edib
Bakı, 22 fevral, AZƏRTAC
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Cümhuriyyətimizin 100 ili” mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev rəhbərlik etdiyi təhsil ocağının 2012-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunduğunu vurğulayıb. Minədək şagirdin təhsil aldığı təlim-tədris müəssisəsinin əldə etdiyi uğurlardan danışan P.Həmzəyev gənclərin ideya-siyasi, mədəni tərbiyəsi işlərinə də diqqət yetirildiyini diqqətə çatdırıb, bu istiqamətdə Bilik Fondu ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasındakı əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Sonra Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti” mövzusunda mühazirəsi dinlənilib. O, 23 ay ömür sürmüş Cümhuriyyətin mədəniyyət sahəsində önəmli qərarlar qəbul etdiyini, ilk növbədə, erməni daşnaklarının 1918-ci ildə Bakıda planlı şəkildə talan, qarət edib dağıtdıqları tarixi, dini abidələrin bərpa olunduğunu faktlarla diqqətə çatdırıb.
Daha sonra mərkəzin dinləyicilərinin hazırladıqları “Cümhuriyyətimiz - qürurumuzdur” sənədli ekran əsəri, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində lentə alınmış film və sənət sərgisi nümayiş etdirilib.
Tədbirdə, həmçinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, Bilik Fondunun lektoru Əhməd Sami Elaydinin “Misir-Azərbaycan mədəni əlaqələri” mövzusunda məruzəsi dinlənilib.
Sonda Bakı Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi bundan sonra da Bilik Fondunun maarifləndirici tədbirlərində həvəslə iştirak edəcəklərini bildirib.