CƏMİYYƏT
Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin bərpasında vacib rol oynayıb
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib. Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Elman Nəsirli və Aydın Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzüblər.
Çıxış edən icra başçısı Süleyman Mikayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi dəyərləndirib. Qeyd edib ki, 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynayıb.
İcra başçısı, həmçinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklərdən, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Milli Məclisin deputatı Elman Nəsirli çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Natiq qeyd edib ki, istiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal sadəcə bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir.
Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayıb, 1993–cü ildə xalqımızın israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs edib.