ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov Şərqdə ilk demokratik respublika olan AXC-nin yaranmasının dövlətçilik ənənələrimizin bərpasında, dirçəlməsində mühüm hadisə olduğunu deyib. Diqqətə çatdırılıb ki, 1918-ci il mayın 28-də Milli Şuranın birinci iclası keçirilib və Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edilib. AXC Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçilib. Cümhuriyyət Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınıb. Həmin dövrdə dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlər qurulub, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər imzalanıb. Gərgin diplomatik mübarizə şəraitində yaranmış AXC milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb.
Tədbirdə çıxış edənlər də 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması nəticəsində müstəqilliyini yenidən bərpa edən Azərbaycanın məhz AXC-nin varisi olduğunu bildiriblər.