CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyəti milli təhsil sisteminin yaradılmasına xüsusi əhəmiyyət verib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində “AXC və təhsil” mövzusunda “dəyirmi masa” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev müsəlman Şərqində ilk demokratik dövlət olan AXC-nin xalqın maarifləndirilməsi istiqamətində misilsiz təşəbbüslər irəli sürdüyünü deyib: “Azərbaycan Xalq Cümhuriyyəti milli kadrların yetişdirilməsinə və təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Bu sahədə atılan addımlar kimi məktəblərin milliləşdirilməsini və ibtidai tədris müəssisələrində təhsilin ana dilində aparılmasını qeyd etmək olar. Bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin əsası məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Cümhuriyyətin təhsil sahəsində apardığı siyasət Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin mədəni inkişafı üçün real imkanlar açıb”.
Azərbaycan dilçiliyi kafedrasının dosenti Fazil Əhmədov deyib ki, AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən bütün elm və təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlər həyata keçirilir. O, AXC hakimiyyətinin savadsızlığın aradan qaldırılması istiqamətində apardığı islahatlardan, mədəniyyət, elm və təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələrdən danışıb.
Bakıdakı 144 nömrəli məktəbin direktoru Həcər Mahmudova isə AXC hakimiyyəti dövründə milli təhsil sisteminin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.