SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb VİDEO
Vaşinqton, 26 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycanın Kubadakı səfirliyi Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində geniş bayram tədbiri keçirib.
Tədbirdə Kubanın Xarici İşlər Nazirliyinin rəsmiləri, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kubanın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsi, Milli Assambleyası, hökumət qurumlarının rəsmiləri və yerli mətbuat təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Kubanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və əldə etdiyi nailiyyətlərdən bəhs edib. Bildirib ki, Şərq aləmində ilk demokratik və dünyəvi dövlət olan, habelə öz demokratik dəyərlərinə görə bir çox inkişaf etmiş ölkələrlə müqayisədə öndə gedən Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb.
Diplomat Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa edərək, yenidən dünya birliyinin tam və bərabər hüquqlu üzvü olduğu diqqətə çatdırıb. Müstəqilliyinin ilk illərində Azərbaycanın böyük sınaqlardan keçdiyini deyən C.Salehov qeyd edib ki, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi fəaliyyəti və xidmətləri sayəsində Azərbaycanın suverenliyini qoruyub saxlamaq və ölkəmizin davamlı inkişafını təmin etmək mümkün olub.
C.Salehov Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq və etnik təmizləmə siyasəti barədə bəhs edib, bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini vurğulayıb, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Diplomat ölkəmizin nəticə etibarı ilə öz ərazi bütövlüyünü mütləq bərpa edəcəyini vurğulayıb. Bu xüsusda, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həll edilməsi üçün Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyət, xüsusən dost ölkələr tərəfindən birmənalı dəstəklənməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirib.
Qarşılaşdığı təcavüzün ağır nəticələrinə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan C.Salehov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq aləmdə mövqelərini daha da möhkəmlədən Azərbaycanın iqtisadiyyatının davamlı olaraq sürətlə inkişaf etməsi və regionun siyasi-iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən ölkəsinə çevrildiyi haqda məlumat verilib.
Qeyd edilib ki, çoxmədəniyyətli zəngin və qədim tarixə malik olan Azərbaycan dünya miqyasında öz tolerantlığı və sülhsevərliyi ilə tanınır. Bunun həm Azərbaycan hökumətinin dinlər və mədəniyyətlər arasında harmoniyanı təşviq edən dövlət siyasəti və eyni zamanda, xalqımızın sülhsevər mədəniyyət irsi ilə bağlı olduğu bildirilib.
O, Azərbaycanın beynəlxalq əlaqələrində Kubanın əhəmiyyətli yeri olduğu bildirib və ölkəmizin Latın Amerikasında ilk diplomatik ofisinin 2007-ci ildə məhz Kubada açılmasının da təsadüfi olmadığı qeyd edib.
Tədbirdə çıxış etmiş Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzinin Avropa idarəsinin rəisi Qladis Elena Ayllon Respublika Günü münasibəti ilə təmsil etdiyi təşkilat adından təbriklərini çatdırıb və 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubiley tarixinin qeyd edildiyini vurğulayıb.
Qladis Elena ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixindən və hazırda əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluqla bəhs edib. Eyni zamanda, Xalqlar Dostluğu İnstitutunun rəsmisi vurğulayıb ki, Kubaya qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırılması ilə bağlı BMT çərçivəsində Azərbaycanın Kubaya verdiyi davamlı dəstəyə görə Kuba xalqı və hökuməti daim minnətdar olacaq.
Minlərlə kubalı gənclərin XX əsrin ikinci yarısında Azərbaycanın ali təhsil ocaqlarında təhsil aldığını diqqətə çatdıran Qladis Elena həmin vətəndaşların hazırda Kubanın müxtəlif şəhərlərində yüksək səviyyəli mütəxəssis kimi çalışdıqlarını xatırladıb.
Daha sonra bayram tədbiri Havana Uşaq-Gənclər Simfonik Orkestrinin gənc ifaçılarının çıxışından ibarət konsert proqramı ilə davam edib. Qonaqlar, həmçinin Azərbaycana həsr edilmiş sərgi salonunu ziyarət ediblər. Tədbir zamanı Azərbaycanın klassik və xalq mahnıları səsləndirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton