CƏMİYYƏT
“Azərbaycan Xalq Cümhuriyyəti və ordu quruculuğu” mövzusunda konfrans keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti və Ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin və Ordumuzun 100 illiyinə olunmuş sərgiyə baxıblar.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun bir qrup əməkdaşına və Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyevə fəxri fərman və diplomlar təqdim edib.
Sərginin açılışında çıxış edən Nurulla Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaradılmasının 100 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib. Tədbirin təşkilinə görə minnətdarlığını bildirən N.Əliyev Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsi tərəfindən Azərbaycan, rus və ingilis dillərində “Hərb tarixi”, eləcə də “1918-1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri” və “Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” kitablarının hazırlanaraq çapdan çıxdığını bildirib.
N.Əliyev həmin kitabları Azərbaycan Hərb Tarixi Muzeyinə təqdim edib.
Konfransın rəsmi hissəsində muzeyin rəisi Ə.Qənizadə “Azərbaycan Xalq Cümhuriyyətinin hərb siyasəti tarixindən” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tarixdə silinməz iz qoyub. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Bu respublika mövcud olduğu 23 aylıq qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.
Tədbirdə Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, ali hərbi məktəblərin, muzeylərin və aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.