REGİONLAR


Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir

Zaqatala, 26 may, Mustafa Dadaşov, AZƏRTAC

Ölkəmizin çoxəsrlik inkişaf tarixinin, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxan, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan işlər görüb, Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaradıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər 28 May – Respublika Günü münasibətilə mayın 26-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Şərəfli istiqlal yolu” adlanan elmi-praktik konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək 99 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq arzusuna qovuşduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xalq Cümhuriyyəti xüsusilə dövlət quruculuğuna verdiyi mühüm töhfələrlə yadda qalıb.

Qeyd olunub ki, Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra böyük təzyiqlərə məruz qalıb, torpaqlarımızın 20 faizi mənfur qonşularımız tərəfindən işğal edilib. Ölkəmizin, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalq ayağa qalxaraq öz xilaskarını – ümummilli lider Heydər Əliyevi yenidən hakimiyyətə gətirib. Məhz Ulu Öndərin böyük dühası, qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub.

Çıxış edənlər dahi rəhbərin xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşadığını xüsusi vurğulayıblar.

X X X

28 May – Respublika Günü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Əlamətdar tarixi gün münasibətilə rayonun təhsil və mədəniyyət müəssisələrində, kitabxanalarda konfranslar, “dəyirmi masa”lar keçirilib, idman yarışları, kitab və rəsm sərgiləri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə mayın 26-da Balakəndə keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən toplantıda icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə danışıb. Bildirilib ki, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu-XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi idi.

Bayram tədbiri mədəniyyət işçilərinin hazırladığı bədii proqramla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.