CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Pekində qeyd olunub VİDEO
Pekin, 29 may, AZƏRTAC
Azərbaycanın Çindəki səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Pekində rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, Çinin dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı 100 il əvvəl müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömrü dövründə böyük nailiyyətlərə imza atdığını, siyasi, iqtisadi sahələrdə islahatlar həyata keçirdiyini, bir çox ölkələrdən də əvvəl qadınlara seçki hüququnu təmin etdiyini deyib. Vurğulanıb ki, Paris Sülh Konfransında müstəqilliyi tanınan Xalq Cümhuriyyəti bir çox ölkələrlə diplomatik əlaqələr yaratmışdı.
AXC-nin hüquqi varisi olan Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistanın hərbi təcavüzü də daxil olmaqla çətin vəziyyətlə üzləşdiyini diqqətə çatdıran səfir Ə.Zeynallı ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkəmizin ağır dövrü arxada qoyaraq inkişaf yoluna qədəm qoyduğunu bildirib. Qeyd edib ki, Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, beynəlxalq arenada mövqeləri güclənir. Tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mərkəzə çevrilib. Son illər beynəlxalq mədəniyyət və idman tədbirlərini yüksək səviyyədə təşkil etməyə nail olan Azərbaycan 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Səfir Əkrəm Zeynallı Azərbaycan-Çin münasibətlərindən danışaraq, ölkəmizin müstəqilliyinin ilk illərindən Çin ilə əlaqələrin inkişafına böyük diqqət yetirdiyini bildirib. Qeyd olunub ki, dostluq və qarşılıqlı etimada söykənən Azərbaycan-Çin münasibətləri hazırda müxtəlif sahələrdə sürətlə inkişaf edir.
Əlaqələrimizin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan diplomat 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı keçirilən görüşlərin və imzalanan sənədlərin, xüsusən də dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamənin və İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun münasibətlərin inkişafı üçün yeni mərhələ açdığını deyib. Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən olan Azərbaycan iqtisadi və nəqliyyat-logistika potensialı ilə həmin strategiyanın həyata keçirilməsinə böyük töhfələr vermək imkanındadır.
Çin xarici işlər nazirinin müavini Kun Suanyou hökuməti adından Azərbaycan xalqını əlamətdar hadisə münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Nazir müavini Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında siyasi sabitliyə və iqtisadi tərəqqiyə nail olduğunu bildirərək, Çinin dost və tərəfdaş ölkə kimi Azərbaycanın bu uğurlarına sevindiyini diqqətə çatdırıb: “Biz inanırıq ki, İlham Əliyevin liderliyi və zəhmətkeş xalqınızın səyləri ilə Azərbaycan gələcəkdə daha böyük uğurlar qazanacaq”.
İki ölkə arasında münasibətlərin xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf etdiyini diqqətə çatdıran Kun Suanyou diplomatik əlaqələrin yaranmasından ötən 26 ildə dövlətlərimizin ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığının genişləndiyini deyib. Əlavə edib ki, Çin ilə Azərbaycanın beynəlxalq məsələlərdə yaxşı əlaqələndirmə və əməkdaşlıq həyata keçirir.
Kun Suanyou Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olan Çinin ölkəmizlə iqtisadiyyatın bir çox sahələrində, o cümlədən enerji, ticarət, investisiya, infrastruktur istiqamətləri üzrə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Ölkələrimizin “Bir kəmər, bir yol” strategiyası çərçivəsində əməkdaşlığı üçün yeni imkanların yarandığını vurğulayan nazir müavini Çinin bu istiqamətdə Azərbaycanla işləməyə hazır olduğunu bildirib.
Sonra Azərbaycan haqqında film nümayiş olunub.
Ziyafətdə milli mətbəximizin təamları, o cümlədən plov, dolma, Azərbaycan istehsalı olan şərablar təqdim edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin