CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu-Yorkda təntənəli qeyd olunub
Bu ilki “İpək Yolu” festivalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib
Vaşinqton, 29 may, AZƏRTAC
Nyu-York şəhərinin Bruklin rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və İsrail dövlətinin yaranmasının 70 illiyi münasibətilə “My Way” uşaq və gənclərin inkişaf mərkəzi tərəfindən “İpək Yolu” festivalı keçirilib.
Festivalın açılışında əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında video nümayiş olunub. Sonra “My Way” mərkəzinin Qafqaz Ritm adlı uşaq rəqs qrupu “Azərbaycan” rəqsini ifa edib.
Qeyd edək ki, müxtəlif mədəniyyət və ölkələri bir araya gətirən builki “İpək Yolu” festivalı məhz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Bruklin dairə şurasının prezidenti Erik Adams adından Azərbaycan icmasının fəal üzvü Marietta Rozental tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova bəyanat təqdim olunub.
Bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin əhəmiyyəti və Azərbaycan-Amerika icmasının mədəni, siyasi və sosial həyatda vacib rolu diqqətə çatdırılıb. Eləcə də Azərbaycan icmasının Bruklin şəhərinin mədəni zənginliyinə əvəzolunmaz töhfələri qeyd olunub.
Çıxış edən səfir E.Süleymanov Azərbaycan icmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eləcə də tədbirdə iştirak edən gürcü və yəhudi icmalarını Gürcüstanın 100 illiyi və İsrailin 70 illiyi münasibətilə təbrik edib.
İpək Yolunda Azərbaycanın vacib rolunu qeyd edən diplomat bu festivalda da Azərbaycanın simvolik olaraq diqqət mərkəzində olduğunu qeyd edib. Azərbaycandakı multikultural mühit barədə danışan səfir bildirib ki, açıq tolerant cəmiyyətin qurulması ümummilli lider Heydər Əliyevin strategiyası əsasında və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edən müstəqil Azərbaycanın əsas prinsiplərindən biridir. Qeyd olunub ki, Azərbaycanı öz vətənləri hesab edən müxtəlif etnik qrupların nümayəndələrinin birgə Azərbaycan mədəniyyətini ABŞ-da təqdim etməsi dünya üçün gözəl bir nümunədir.
Azərbaycan mədəniyyətini, o cümlədən digər mədəniyyətlərin təqdimatı üçün 1500-ə yaxın iştirakçını bir yerə toplayan “İpək Yolu” festivalında “Azərbaycan” rəqsi ilə yanaşı, “Arşın mal alan” və “Salam” rəqsləri, “Sarı gəlin” və “Azərbaycan” mahnıları ifa olunub. “Arşın mal alan” rəqsi zamanı festivalın aparıcıları bu məşhur əsərin Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyova məxsus olduğunu və eyni adlı filmin dünyanın 80 dilinə tərcümə olunduğu qeyd ediblər. Həmçinin festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatında Nyu-York şəhərində yaşayan Azərbaycandan olan yəhudi icması xüsusi rol oynayıb.
Tədbirdə dağ yəhudilərinin milli rəqsləri və tədbir üçün xüsusi olaraq hazırlanmış “Salam-Şalom” rəqsi ifa olunub.
Festival boyu gürcü, hind, yəhudi, uyğur, rus, qazax, özbək xalqlarına məxsus rəqslər və mahnı ifaları nümayiş etdirilib.
Festivalın sonunda “Ey əziz anam, Azərbaycan” mahnısı həm Azərbaycan, həm də rus dilində ifa olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton