CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Qazaxıstanın Uralsk şəhərində də qeyd olunub
Uralsk, 8 may, AZƏRTAC
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun təşkilatçılığı ilə Uralsk şəhərinin Dostluq Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan fotosərgi açılıb. Sərgidə Cümhuriyyətin rəhbərliyi və fəaliyyəti ilə bağlı fotolar, xəritələr, rəsmi sənədlərin surətləri, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair şəkillər nümayiş etdirilib.
Tədbirdə Qərbi Qazaxıstan vilayətinin Akimliyinin (qubernatorluğunun) nümayəndələri, vilayətdə fəaliyyət göstərən milli-mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəalları, mətbuat nümayəndələri iştirak ediblər.
Qərbi Qazaxıstan vilayəti akiminin (qubernatorunun) Qazaxıstan Xalqları Milli Assambleyasının Qərbi Qazaxıstan vilayət təşkilatı üzrə müavini Kapakov Qaysa çıxışında bu tədbirin Azərbaycanın tarixi, dövlətçilik ənənələri, xalqın azadlıq uğurunda mübarizəsi haqqında geniş məlumat əldə edilməsi baxımından əhəmiyyətini qeyd edib.
Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə digər çıxış edənlər imperiya daxilində xalqların azadlıq uğrunda mübarizələrindən danışdılar.
Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən və Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzləşdiyi çətinliklərdən bəhs edən “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Uralsk