ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
Bir həftə davam edəcək aksiyada 100 min ağacın əkilməsi nəzərdə tutulur
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına başlayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə reallaşdırılır.
Bakı şəhəri 322 nömrəli tam orta məktəbdə keçirilən ağacəkmə aksiyasında təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib.
Aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. Aksiya Cümhuriyyət dəyərlərini təbliğ etməklə yanaşı, məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına xidmət edir.
Bir həftə davam edəcək aksiyada 100 min ağacın əkilməsi nəzərdə tutulur. Aksiyada bölgələrin xüsusiyyətləri nəzərə alınaraq şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və başqa ağaclar əkiləcək.