CƏMİYYƏT


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirdə vəkilliyə namizədlər and içiblər

Bakı, 23 may, AZƏRTAC 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə mayın 23-də “Pullman Baku” mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək deyib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində misilsiz hadisədir. Cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli Sərəncamı ilə milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində geniş qeyd edilməsi, yubileyə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu, Cümhuriyyətin qurucularının xatirəsinə, tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.

A.Bağırov xüsusi vurğulayıb ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə vəkillik fəaliyyətinin araşdırılması ilə bağlı komissiya təşkil olunub. Milli Arxiv İdarəsində aparılmış tədqiqatlar nəticəsində Əlimərdan bəy Topçubaşovun, İsmayılxan Ziyadxanovun, Xəlil bəy Xasməmmədovun, Fətəli xan Xoyskinin adları həmin dövrdə tərtib olunmuş vəkillərin reyestrində aşkarlanıb. Bu isə öz növbəsində Cümhuriyyətin yaranmasında və fəaliyyətində vəkillərin böyük rol oynadıqlarını deməyə əsas verir.

Tədbirdə İsmayılxan Ziyadxanovun nəvəsi Valid Ziyadxanova və digər iştirakçılara İsmayılxan Ziyadxanovun imzası ilə vəkil andı təqdim olunub.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə İsmayılxan Ziyadxanovun xatirəsinə həsr olunan döş nişanının, təhsildə fərqlənən hüquqşünas tələbələr üçün Əlimərdan bəy Topçubaşovun adına təqaüdün təsis edildiyi diqqətə çatdırılıb.

Sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri və liderləri, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Tural Hüseynov Cümhuriyyət dövründə həyata keçirilən məhkəmə-hüquq islahatları, Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətinin hüquqi əsasları ilə bağlı çıxışlar ediblər.

Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş açıqcaların təqdimatını edib.

Daha sonra ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 87 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilib.

Vəkillər Kollegiyasının sədri bildirib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub. Bu məqsədlə hazırda vəkilliyə qəbul üzrə namizədlərin sənədlərinin qəbulu, habelə yanvarın 28-də təşkil olunan yazılı test imtahanlarını uğurla keçən namizədlərlə şifahi müsahibələr aparılmaqdadır.

Daha sonra peşə fəaliyyətinə buraxılan 87 namizəd qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəkil andı içib. Onlara Vəkillər Kollegiyası üzvünün yeni nəsil vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.