REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu tarix xalqımızın həyatında ən unudulmaz günlərdən biridir
Cəlilabad, 27 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay ərzində gördüyü işlər, yaradılan təsisatlar, qəbul edilən dövlət rəmzləri tariximizin ən yaddaqalan səhifələridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə mayın 27-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Respublika Gününə həsr olunmuş dəyirmi masada danışılıb.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs edən sənədli film nümayiş olunub.
Bayram tədbirində çıxış edənlər 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını qeyd edərək, bu tarixi xalqımızın həyatında ən unudulmaz günlərdən biri kimi dəyərləndiriblər.
Diqqətə çatdırılıb ki, yaradılan ilk müstəqil dövlətimizin ömrü az olub. 1920-ci il aprelin 28-də bolşevik qoşunları tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılıb. Lakin xalqımızın qəlbində azadlıq arzusu, məşəli heç vaxt sönməyib. 70 ildən sonra, 1990-cı ilin əvvəllərində xalqımızın müstəqillik uğrundakı mübarizəsi öz bəhrəsini verib, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. Yenidən qazanılmış müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşayıb, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. Belə bir çətin və sınaqlı günlərdə xalqımızın təkidli tələbi və xahişi ilə yenidən respublikaya rəhbərliyə qayıdan xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olunub, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoyub.
Hazırda müstəqil Azərbaycan Respublikası dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olub, mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür.